AZ EN RU

Torpağın çağırdığı şəhid

Səbuhi Gündüz oğlu Tağıyev 

  22.06.1998-11.04.2023

Səbuhini lap balaca vaxtından nənəsi, yəni mənim anam saxlayıb böyüdüb. Məktəbə gedəndə mənim yanıma gəlib. Birinci sinfə gedirdi. Amma nə qədər edirdik bizimlə qalmırdı. Elə hey ağlayıb nənəsini istəyirdi. Hətta böyümüşdü, məzuniyyətə gələndə də, əsgərlikdən gələndə də birinci nənəsigilə gedərdi. Nənəsi ilə, xalası ilə nəfəs alırdı. Balaca vaxtından mehriban, qoçaq, mərd idi. Heç nədən qorxmazdı. Böyüklüyü də tam başqa idi. Bacısı dörd il universitetdə oxudu. Hər ay bacısına pul göndərərdi. Əməkhaqqını alan kimi bacısına zəng vurardı ki, kartına pul göndərdim. İki ay bacısına pul göndərə bilmədi. Bacısı universiteti qurtarmağına 2 ay qalmış Səbuhi şəhid oldu.

Hərbiyə marağı çox idi. İlk olaraq hərbi liseyə sənəd vermişdi. İmtahandan keçdi, amma ürək döyüntüsü yüksək olduğu üçün qəbul edilmədi.
Amma Səbuhi çox mübariz idi. Əsgərlikdən gəldikdən sonra hərbidə  işləməyə qərar verdi. 2019-cu ildə işləməyə başladı. 2020-ci ildə müharibə başlayanda dəfələrlə müraciət etdi ki, onu müharibəyə aparsınlar. Alınmadı. Sonra yenə könüllü olaraq yazıldı. Yenə aparmadılar. Elə bil ki, şəhid olmağa can atırdı. Qarabağ torpaqlarını arzulayırdı. Burada komandir sürücüsü idi. Komandirinin təyinatı Qarabağa çıxanda Səbuhi də getdi. Sanki torpaq onu çağırırdı. Həmişə deyirdi ki, ana, Laçın bir başqadır. Nə qədər ki işləyirəm mən Laçında qalacağam.
Şəhid olmamışdan bir gün qabaq, aprelin 10-da görüntülü danışdıq. Heç vaxt görüntülü danışmağa imkan olmurdu. Həmişə yanında kimsə olurdu. Gördüm maşındadır. Dedim, bu gün niyə təksən. Dedi, ana, komandiri gətirmişəm, danışığa gedib. Balam həsrət olduğu torpaqda şəhid oldu. Düşmənin üzərinə igid Azərbaycan əsgəri kimi getdi. Ən təhlükəli yerlərə maşınını sürürdü. Heç qorxusu olmadan. Sevdiyi torpaq uğrunda da şəhid oldu. Təskinliyimiz ondadır ki, Səbuhi kimi oğulların sayəsində torpaqlarımız azad edildi.

Nəşr edilib : 23.06.2024 12:25