AZ EN RU

Tofiq Hacıyev: Çox xoşbəxtəm ki, görmək arzusunda olduğum bu məkanın sehrini yaşadım

“Novruz şəhərciyi”ndə ifa etdiyi xoş mahnılarla tamaşaçıların rəğbətini qazanan Tofiq Hacıyev ilə konsert proqramı sonrası həmsöhbət olduq. O dedi ki, buraya ilk dəfə gəlsə də, insanlarımızın səmimiliyi ona bu yurdu sevdirib. Səhnəyə çıxıb ilk mahnıları ifa edəndən tamaşaçı coşqusu ilə qarşılaşdığını deyən Tofiq Hacıyev onu da vurğuladı ki, belə bir əziz bayramda, dahi rəhbərin 100 illik yubileyi ərəfəsində burada, Ulu Öndərin yurdunda olmaq hər bir mədəniyyət xadimi üçün qürurvericidir. Naxçıvan Vətənimizin bir parçası, ayrılmaz tərkib hissəsidir. Vaxtımız az olduğu üçün bu gözəl diyarı doyunca gəzə bilməsək də, yolüstü dini ibadətgahımız olan Əshabi-kəhfi ziyarət etdik. Uşaqlıqdan haqqında oxuduğum möcüzəvi və tarixi Əshabi-Kəhfi canlı-canlı görmək möhtəşəm təcrübə idi.  Çox xoşbəxtəm ki, görmək arzusunda olduğum bu məkanın sehrini yaşadım. 

Naxçıvan hər zaman gözəlliyi, qonaqpərvər, intellektual və sənətsevər insanları, zəngin tarixi, dadlı yeməkləri, (xüsusilə “qavırması”) ilə mənim yaddaşımda qalacaq. Növbəti gəlişimi səbirsizliklə gözləyirəm və bu dəfə çalışacam daha uzun qalım.

Digər bir qonaq Tofiq Hacıyevin meneceri Ulduz Bayramova da fikirlərini bizlə bölüşür:

“Naxçıvana gələcəyimi biləndə böyük, səsli-küylü bir şəhər görəcəyimi xəyal etdim. Amma hava limanından şəhərə doğru hərəkət edən avtomobilin pəncərəsindən izlədiyim şəhər sakit, səliqəli, gözəl, müasir binaları ilə gözoxşayan bir yer idi. Çox gözəl və təmiz şəhərin insanları da səmimi və canayaxındır.  Burada olmaq, belə gözəl bir tədbirdə iştirak etmək imkanı əldə etdiyim üçün çox sevincliyəm”.

Ramiyyə ƏKBƏROVA 
 

 

 

Nəşr edilib : 28.03.2023 17:17