AZ EN RU

Titrəməsin nəfəsiniz, ucalsın daim səsiniz...

Gənclik. Bir neçə hərfdən ibarət, ilk baxışdan sadə görünsə də, dərin məna kəsb edən bu söz nələrdən xəbər verir, nələr danışır? Gəlin onun mənasına varıb, səsinə qulaq asmağa çalışaq içdən, dərindən. Gənciksə həyatımıza, bu günümüzə edək nəzər, qədir-qiymətin bilək bu növcavan çağlarımızın, var gücümüzü sərf edək elm, sənət yolunda, oxuyaq, öyrənək hər gün daha çox, daha artıq. Oxumaqla – öyrənməklə yetinməyib, bilik-bacarıqlarımızı tətbiq etməyə, təcrübə qazanmağa səy göstərək. Yaşlıyıqsa xatirələr qanadına əyləşərək uçaq ötən fəsillərə, övladlarımızı, nəvələrimizi də qonaq aparaq unudulmaz anlarla dolu o fəsillərə, aşılayaq gəncliyin necə tapılmaz, ələ düşməz nemət olduğunu, təlqin edək dünyada ən ağıllı işin gənclikdə qazanılan elmdir fikrini...
    Müdriklərin “...Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”, “Cavanlıq həyatda zaman vahidi deyil, düşüncə tərzidir”, “Gəncliyi anlamayacağımız an, dünyadakı işimiz bitmiş deməkdir” kimi hikmətli sözlərin mahiyyətinə vara-vara sağlam ruhla, əqidəylə çalışaq həyat amalımız, məqsədimiz yolunda. Ömrümüzün təravətli, güllü-çiçəkli, xoş rayihəli illərini nəbadə keçirək hədər, örnək, nümunə götürək zəkası, bacarığı, əzmi, mübarizliyi ilə ailəsinin, məmləkətinin adını ucalara qaldıranlardan. Dinləyək gəncliyin coşğusunu, səs verək həmyaşıdlarımızın səsinə. Ən ali kürsülərdən, yüksək mərtəbələrdən, orta, ali təhsil ocaqlarından ucalır bu səs-sədalar, olimpiadalarda, yarışlarda qazanılan uğurlarla pərvəriş tapır, bədii söz, mütərəqqi düşüncə qoxulu kitabxanalarda, kitab mağazalarında, “Səyyar kitabçılar”da, “Kitablardan pıçıltılar”da öz fəlsəfi dəryasının dərinliyinə  enir, “Hərəmiz bir ağac əkək” kimi aksiyalarla təbiəti qoruyur, yaşıl dünya naminə həmrəylik göstərir, sağlamlığın rəhninə çevrilir gənclik. Dünyanın dörd bir yanında, neçə-neçə diaspor təşkilatlarının sıralarında parlayır,  Azərbaycan həqiqətlərini hayqırır, tanıdır ölkəmizi, təbliğ edir milli dəyərlərimizi, yaşatdırır ana dilimizi, mədəniyyətimizi, tariximizi...
    Keçmişə ehtiramda, tarixi kökə bağlılıqda, ənənəyə sadiqlikdə, ağsaqqal nəsihətinə, ağbirçək öyüdünə hörmətdə-izzətdədir nümunəvi gənclik. Azərbaycanın müstəqilliyi yolunda atılan addımlarla məğrurlaşıb, tökülən qanlarla müqəddəslik məqamını fəth eləyib, 20 Yanvar, Xocalı faciələrində xalqımızın mübarizlik simvoluna çevrilib, SSRİ kimi nəhəng imperiyaya qarşı qətiyyət, iradə göstərib. Gənclik Azadlıq meydanında həmrəylik nümayiş etdirən minlərlə qəlbdən qopan “Azadlıq!” hayqırtısı ilə göylərə ucalıb, yerə səpilən müstəqillik toxumunda, o toxumdan boy atan qollu-budaqlı “bütöv Azərbaycan” adlı çinardadır. Görkəmli dövlət xadimi Heydər Əliyevin sovet ideologiyasının buxovlarına baxmayaraq, yüksək vəzifəsindən imtina edərək canı bahasına da olsa, öz doğma Vətəninə qayıdaraq cücərməkdə olan müstəqilliyi qoruması yolunda, xilaskarlıq missiyasına verilən dəstəkdə, Milli Qurtuluş, nicat yolundadır... 100 yaşlı muxtariyyət salnaməsinin səhifələrindən boylanır gənclik istəyi, həvəsi, duyğusu, qəhrəmanlıq rəmzimiz Sədərək döyüşlərində Naxçıvanın hər bir bölgəsindən cəbhəyə axışan yurdsevər 17, 18, 19 yaşlı igidlərin son damla qanlarınadək vuruşmasında, “Təki Vətən yaşasın!” mübarək amalında, top mərmilərindən deşik-deşik olan evlərdə körpə fidanların, yeniyetmələrin ölməz inamında, ümidində, mərmi yağışına rəğmən elm ziyası bəxş etməyindən qalmayan Sədərək məktəbində çalışan fədakar müəllimlərin əməyindədir. İki qardaşı ayrı salan “sərhəd” dirəklərini qışın şaxta, çovğununa rəğmən tar-mar edən gənclərin həsrət alovlu əllərində, inam dolu qəlblərində, Sədərək-Dilucunu salan ürəklərdə, diləklərdə, illərdir, bir-birinə həsrət qalan iki gəncin vüsal yeri – “Ümid” körpüsündədir gənclik əzmi, dəyanəti...
    2020-ci il sentyabrın 27-də əmrə müntəzir, doğma ata-baba torpaqlarını qaytarmaq üçün irəli atılan oğulların nərəsində, keçilməz sədləri keçən, yarılmaz cəbhələri yaran iradədə, düşməni lərzəyə salan “dəmir yumruq”dadır gənclik. Təkbaşına onlarla ermənini məhv edən Mübarizin cəsarətində, dumanlı dağların başında duran Xudayarın döyüş yoldaşlarını irəli səsləyən Vətən həsrətli yanıqlı səsində, tək əliylə düşmənin canını boğazından çıxaran Cəbrayılın intiqamlı baxışlarında, Pərviz, İslam, Tağı kimi yüzlərlə igidimizin 44 gündə al qanları ilə yazdıqları qəhrəmanlıq dastanındadır. 23 saata qondarma rejimin belini qıran qətiyyətdə, şücaətdə, mülki şəxs canından olmasın deyə göstərilən nəzakətdə, insanlıqda, vicdanda, ləyaqətdədir Azərbaycan gəncliyi. Füzulidə, Cəbrayılda, Laçında, Şuşada, Xankəndidə üçrəngli bayrağımızı ucaldan dəmir biləklərdə, “Şəhid olsam ağlamayın, başınızı dik tutun”, – deyən müqəddəs əhdlərdə, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarında, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” mübarək kəlamındadır. Hər bir sahəyə yeni nəfəs, yeni həvəs gətirən könüllülük hərəkatında, xəstələrə şəfa vermək amalı ilə keçirilən qanvermə aksiyalarında, bütöv, qüdrətli Azərbaycanın təhlükəsizliyi, aydın sabahları naminə gecə-gündüz keşik çəkməkdə, çalışqanlıqda, innovativ, intellektual düşüncədə, yenilikçi ideyadadır gənclik ruhu. Titrəməsin nəfəsiniz, ucalsın daim səsiniz, ey Azərbaycan gəncliyi. Gününüz mübarək, güclü Azərbaycanın güclü gəncləri...

Nail ƏSGƏROV

Nəşr edilib : 02.02.2024 15:13