AZ EN RU

Tingçilik təsərrüfatı fəaliyyətini genişləndirir

Ailə təsərrüfatlarımız

    Fevral ayının 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq  və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həyata keçirilməli olan işləri diqqətə çatdıraraq yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması ilə bağlı tapşırıqlar verib:“Yaşıllaşdırma tədbirlərində ting tələbatı yerli imkanlar hesabına ödənilməli, ... tingçilik təsərrüfatlarında hazırlıqlara başlanılmalıdır. Yaz-tarla işlərinin düzgün təşkil olunması bol məhsul istehsalına təminat verir”.

    Qeyd edək ki, əsrlərdən bəri kənd təsərrüfatının bir sahəsi kimi formalaşan tingçiliyə muxtar respublikamızda maraq günü-gündən artmaqdadır. Elə bunun nəticəsidir ki, diyarımızda yaşıllıqların sahəsi ilbəil artırılır, yeni meyvə bağları salınır, itməkdə olan yerli meyvə sortlarının əkilib-becərilməsinə üstünlük verilir. Bu məqsəd ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub. Ötən dövr əzrində proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində xeyli iş görülüb, çoxlu uğurlar qazanılıb. 

    Tingçiliklə məşğul olan torpaq mülkiyyətçilərinə kreditlər verilir, onların rastlaşdıqları çətinliklərin aradan qaldırılması diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikanın ən ucqar ərazilərində belə, tingçiliyə marağın artması da məhz bu sahəyə dövlətimizin diqqət və qayğısının davamlı xarakter almasıdır. Tingçiliklə məşğul olan zəhmət adamlarından biri də Şərur rayonunun Düdəngə kəndində yaşayan Ədalət Həsənovdur. Bu kənddə hamı onu yaxşı təsərrüfatçı, işgüzar bir əmək adamı, torpağa bağlı insan kimi tanıyır. Ailə təsərrüfatı başçısı Ədalət Həsənov 15 ildir ki, bu sahə ilə məşğul olur. O, yerli sortlar yetişdirməyə üstünlük verir. Öyrənirik ki, 13 hektara yaxın sahəni əhatə edən meyvə bağında müxtəlif növ meyvə ağacları yetişdirilir. Həm göz, həm də qələm calaq üsullarına üstünlük verir. Ədalət Həsənovun sözlərinə görə, mart ayında qələm üsulu ilə avqust ayının 15-dən sentyabrın 15-nə qədər olan müddətdə göz calaq üsulu ilə peyvəndləmə edilir. Müsahibim deyir ki, meyvə tingləri, əsasən, payızda və yazın əvvəlində əkilir. Payız əkini daha yaxşı nəticə verir. Belə ki, payızda əkilən tinglər yaxşı tutur, tez inkişaf edir və bol məhsul verir. Həmçinin əkilən tingin tutub-tutmaması iki aya bəlli olduğundan, fevral ayında onların yerinə yenilərini əkmək  imkanı yaranır. Xüsusi qayğı ilə böyüdülən tinglər əkildikdən sonra da özünəməxsus qulluq tələb edir. El arasında deyirlər ki, ikinci calaq arpa biçinində aparılmalıdır. Müsahibimizin sözlərinə görə, əslində isə calaqaltının inkişafından asılı olaraq, may ayının 10-15-dən iyun ayının sonuna qədər calaq aparmaq məsləhət görülür.  Bəzən iyul ayında da calaq aparılır. Ancaq iyul ayında isti çox olduğuna görə calağın tutma ehtimalı azalır. İyunun sonu, iyulun əvvəlində havanın çox isti keçməsi, ağacın inkişafının zəifləməsi calaqların bir qisminin göyərməməsinə səbəb olur. 
    Ədalət Həsənovun bağı ilə tanışlıq zamanı gördük ki, sahədə gilas, ərik, şaftalı, göycə, alma, armud, alça, gavalı, albalı və digər ağacların müxtəlif sortları əkilib. Onu da, xüsusilə qeyd etməyə dəyər ki, ailə təsərrüfatı köhnə meyvə sortları yetişdirməyə üstünlük verir. Həmin növlər həm yerli iqlim şəraitinə artıq uyğunlaşdığı üçün, həm də itməsin, yox olmasın deyə istifadə edilir. Həmin ağaclar yalnız üzvi gübrə ilə yetişir. Bağbanın sözlərinə görə, yetişdirdikləri tinglər 3 il sonra məhsul verməyə başlayır. 5-ci il isə tam bara girir. Ədalət Həsənov diqqətimizə çatdırır ki, ting köçürüldüyü zaman əkildiyi torpağın azotu çatışmadıqda ağacın inkişafı və meyvə verməsi ləngiyir. Əkinlər zamanı havanın temperaturuna diqqət etmək lazımdır. Hava şaxtalı və ya isti, günəşli olmamalıdır. Torpağın quruluğu və nəmliyi də önəmlidir. Orta nəmlikdə olduğu zaman ting əkinləri aparılmalıdır. Yeni canlanan meyvə ağaclarının suvarılması isə vacib deyil. Ağac canlandıqdan bir gün sonra suvarılır, daha sonra həmin ağacın suvarılmasına bir də yaz aylarında başlanılır. Müsahibim deyir: – Ən çox satılan tinglərimiz göycə, şaftalı, ərik, gilas sortlarıdır. Muxtar respublikamızın bölgələri ilə yanaşı, Türkiyəyə, Rusiyaya və Ukraynaya da satış üçün ting göndəririk. 
    Bu zəhmətkeş ailə təsərrüfatının fəaliyyəti ilə tanışlıq bizdə belə qənaət yaratdı ki, muxtar respublikanın torpağa, zəhmətə bağlı sakinləri mövcud imkanlardan, yaradılmış şəraitdən, hərtərəfli dövlət qayğısından səmərəli istifadə edir, müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafına böyük örnək verirlər. Bununla da onlar həm ailə büdcələrini gücləndirir, həm də daxili bazarın tələbatını ödəməyə çalışırlar. Haqqında bəhs etdiyimiz Ədalət Həsənov da onlardan biridir.
    Artıq yaz-təsərrüfat işləri başlayıb. Ədalət Həsənov da ailə təsərrüfatı ilə tingçilikdə mövsümi işlərlə məşğuldur.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 02.03.2022 18:52