AZ EN RU

Tikintidə əsas məqsəd insan həyatı və təhlükəsizliyi olmalıdır - FOTOLAR

Bəs buna Naxçıvanda necə əməl edilir

    Bina inşa edib, yurd-yuva salmaq insan həyatının ən vacib  tələbatlarından biridir. Hələ Nuh Peyğəmbərdən bu yana insan ayaq basdığı hər yerdə məskən salıb, yaratdığı əsərlərlə özündən sonra bir yadigar qoymağa çalışıb. Elə “Biz ölürük, əsər qalır yadigar” düşüncəsi ilə tikilmiş XII əsr Azərbaycan memarlıq məktəbinin şah əsəri Möminə xatın türbəsi kimi. Bəli, 25 metr hündürlüyü olan bu abidə ötən min ildə bildiyimiz və bilmədiyimiz çox sayda təbii fəlakətlərin sınağından keçərək bu gün də tarixə meydan oxuyur.  

    Təbii fəlakətlərə qarşı dayanıqlı binalardan danışarkən inşaat mütəxəssisləri bunun səbəbini belə qədim abidələrin həndəsi quruluşu ilə yanaşı, tikinti zamanı istifadə olunan materialların keyfiyyəti və konstruktiv quruluşun mütənasib olması ilə də izah edirlər. Şübhəsiz, bütün bunlar tikililərin davamlı olması və onların insan həyatına təhlükə yaratmamasında əsas faktorlardandır. Amma fikrimizcə, daha doğrusu, zaman da göstərir ki, bəli, təkcə Möminə xatın türbəsinin deyil, istənilən tikilinin əsrlərin sınağından çıxa bilməsinin səbəbi onun düzgün, yəni halallıqla inşa olunmasıdır. Şübhə yoxdur ki, hər naxışında Uca Allahın adı həkk olunmuş bu əsəri böyük Memar Əcəmi halallıqla inşa edib ki, abidə bu gün hər işində yalnız cibini düşünən bəzi bordür, yəni qardaş türklərin ifadəsincə desək, “qaldırım mühəndisləri”nin 10 ilə belə dözüm gətirə bilməyən yeni tikililərinə meydan oxuyur. Ona görə də bu günlərdə qardaş ölkədə on minlərlə insan itkisi, milyonlarla insanın evsiz-eşiksiz qalması ilə nəticələnmiş dəhşətli zəlzələdən sonra inşaat işlərində israfçılığa yol vermədən insan rifahına və təhlükəsizliyinə xidmət edən standartlara əməl olunması  kimi zəruri şərtlərin gündəmə gətirilməsi bizi də bu məsələyə yenidən nəzər salmağa vadar edir.    

    Hər kəs bu fikirlə razılaşar ki, bir çoxlarımız “tikinti” deyəndə gözəl memarlıq üslubunda tikilmiş, komfort və bəzək elementlərinin daha çox göz qamaşdırdığı və buna görə də görülən işə qiymət qoyulduğu bir sahə başa düşürük. Hər kəs istəyir ki, yaşadığı ev, məhəllə, küçə, şəhər onun zövqünü oxşasın və eyni zamanda gecəni rahat yata biləcəyi gözəl bir evi olsun. Və bütün bunlar da hamının arzusu, eləcə də dövlətin bu sahədə həyata keçirdiyi ciddi nəzarət tədbirlərinin əsas məğzidir. Qeyd edək ki, belə nəzarət zaman-zaman mətbuatın da gündəmində olmuşdur. Doğrudur, indiyə qədər Naxçıvanda həyata keçirilən tikinti-quraşdırma işlərini yalnız bəh-bəhlə tərifləmişik. Bəzən  isə adamların gözü önündə olan kiçik bordür qüsurlarını yada salan vaxtlarımız da olub. Bir vaxtlar, yəni işdən 15 dəqiqə tez çıxan yazıq kənd kitabxanası müdirini, yaxud işdə gecə növbəsində mürgüləyən tibb işçisini tənqid etdiyimiz kövrək vaxtlarda bəndəniz də qəzetimizin 15 may 2013-cü il tarixli nömrəsində şəhərimizin mərkəzindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının arxasında olan fəvvarənin ətrafındakı səliqəsizliyi “Saqqallı uşaqlar” adlı kiçik bir satirik yazı ilə öz aləmində guya ki tənqid etmişdi. 
    Bəri başdan deyim ki, o dövrdən 10 il keçsə də, həmin məkandakı mənzərə heç dəyişilməyib. Mənim kimi vaxt tapıb teatra getməsəniz də, 5 dəqiqəliyə buyurun, keçin, baxın! İndi gözümüzü açıb ətrafa daha diqqətlə baxdıqda görürük ki,  heç bu “saqqallı uşaqlar” da dəyişilməyiblər. Elə olmasaydı, şəhərimizin yol kənarlarındakı bahalı tikinti materiallarından inşa olunmuş hasarların bəzəyini iş təhvil verilənə yaxın kiminsə göstərişinə uyğun,  balta ilə çapıb, yerinə Möminə xatın türbəsinin üzərindəki naxışların bənzərini yapışdırmazdılar. Milyon manatlarla büdcə vəsaitinin israfçılığı ilə nəticələnmiş bu və bunun kimi digər “müsbət təcrübə”nində ki, aqibəti bəllidir. Şəhərimizdəki idarə, məktəb, universitet binalarının, elə lap bizim redaksiyanın girişinə döşənmiş yağışda, qarda xokkey meydançası kimi sürüşkən, hamar pillə daşlarına baxarkən fikirləşirsən ki, bəzi dırnaqarası inşaatçılarımız böyük Əcəminin əsərini təlqin etməkdənsə, yaz-qış demədən insanların yıxılıb şikəst olmasına, ağır zədələnməsinə səbəb olan bu cür yarıtmaz işləri haqqında heç düşünüblərmi?! Axı on beş yaşlı uşaq da bilir ki, güzgü kimi cilalanmış bu sürüşkən daşlar pillələri deyil, divarları, pəncərə altlıqlarını bəzəmək üçündür. Hələ mən şəhərimizin mərkəzi küçələrində, turistlərin gəzib-dolaşdığı istirahət məkanlarında yerli camaatın əsəbiliklə “tövlə salı” adlandırdığı və min kvadratmetrlərlə sahəyə döşənmiş, yağışda palçığa dönən əyri-üyrü, kələ-kötür dağ daşlarını demirəm! Görünür, bəzilərinin bu cür bərbad bəzək həvəsi, ya da ki bəzək adı ilə pul qazanmaq həvəsindən qaynaqlanıb ki, başımız üzərində olması gərəkən səkkizguşəli ulduzumuzu adamların gur axın etdiyi bəzi məkanlarda döşəməyə həkk ediblər. Çox üzücü və təəssüfdoğurucudur!
    Bütün bunların hamısına birtəhər səbir etmək olar. Necə deyərlər, bundan sonra cəmi-cümü beş-on milyon manatlıq xərci var bu işlərin. Zəhmət çəkib ciblərindən ödəyərlər! Amma tikintidə kiminsə səhlənkarlığından, yaxud tamahından qaynaqlanan elə fəsadlar törənə bilər ki, bunların da son nəticəsi yıxılan evlər, dağılan ocaqlar, məhv olan insanlardır. Bəli, istər bina sahiblərinin, istər memar və mühəndislərin olsun, kimlərinsə səhv qərarı ilə mərtəbə və ya balkon əlavə olunaraq seysmik davamlılığı ciddi zərərgörən binaların, son nəticədə, nəyə səbəb olduğunu bu gün ürəkağrısı ilə “Xəbərlər”dən izləyir, günahkarların cəzalandırılmasını istəyirik. Gəlinən nəticə isə odur ki, insan gördüyü bütün işlərdə elmi biliklərə və onlara söykənən qanuni tələblərə əsaslanmalıdır ki, sonda belə faciəvi hallarda günahı özündə axtarmasın. Qanun isə tələb edir ki, sökülməsi lazım gələn köhnəlmiş, yaxud qəzalı vəziyyətdə olan binalar heç zaman təmir edilməməli, fundamenti möhkəm, dayanıqlı binalara qətiyyən layihədən kənar mərtəbə və ya eyvan artırılmamalıdır. Bəziləri belə yamaq konstruksiyaların guya gözəllik və yaxud komfort gətirdiyini düşünsələr də, bir gün yer titrəyəndə diz çöküb Yaradana yalvaracaqlarını da unutmamalıdırlar! Yaxud elmi bilikləri heçə sayıb şəhərimizdəki hündürmərtəbəli, çoxbloklu binaların ortasında “seysmik pay” məqsədilə nəzərdə tutulmuş boşluğu beton töküb dolduranlara nə deyəsən? Axı, bu vacib konstruksiya elementi qanunla onun üçün nəzərdə tutulub ki, Naxçıvan kimi 9 ballıq seysmik zonada baş verə biləcək zəlzələlər binaları titrədən zaman dağıdıcı güc zəifləsin. Binalarımızın təmiri zamanı “seysmik payı” kosmetik görüntü xatirinə dəmir-betonla bağlayıb binaların bu şəkildə qəzalı vəziyyətə salınması isə bu barədə rəylərini soruşduğumuz Naxçıvan Muxtar Respublikası Dövlət Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi mütəxəssislərinin də fikrincə, qətiyyən yolverilməz haldır. 
    İnanırıq ki, araşdırdığımız və  hər kəsi narahat edən bu məsələlər barəsində təmir-tikinti işlərinin keyfiyyətinə və bədbəxt hadisələrin baş verməməsinə cavabdeh olan aidiyyəti qurumlar ciddi reaksiya verəcəklər! Çünki bu gün tikintidəki bir səhlənkarlıq sabah kütləvi insan tələfatı ilə müşaiyət olunan faciələrlə nəticələnə, təqsirkarlar isə birbaşa hüquq-mühafizə orqanları qarşısında cavabdeh ola bilərlər.

Əli CABBAROV
 

Nəşr edilib : 14.02.2023 20:59