AZ EN RU

Tikinti-quruculuq tədbirləri iqtisadi inkişafın göstəricisidir

    Bu bir həqiqətdir ki, ümummilli lider Heydər Əliyevin böyük nüfuzu hələ Sovetlər Birliyi dövründə ittifaq səviyyəsində bir çox layihələrin Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında reallaşmasına imkan vermişdir. Nəticədə, yeni istifadəyə verilən böyük istehsal müəssisələri təkcə əhalinin məşğulluğunu təmin etməmiş, eyni zamanda böyük işçi kollektivləri üçün yeni yaşayış binalarının tikilməsinə, onların ictimai nəqliyyatla təmin olunmasına, əlavə olaraq bir sıra zəruri obyektlərin (yeməkxana, mağaza, məktəb, uşaq bağçası və sair) yaradılmasına imkanlar açmışdı.

    Müstəqilliyimizin bərpasından sonrakı dövrdə, daha doğrusu, bazar iqtisadiyyatı dövründə isə infrastruktur quruculuğu yeni baxışları ortaya qoydu. Planlı iqtisadi dövrdən fərqli olaraq sərbəst biznes mühitində bu tələblər özünün xarakterini dəyişmək məcburiyyətində qaldı. Əgər Sovetlər Birliyi dövründə sənaye və istehsal sahələri, müxtəlifprofilli təhsil, mədəniyyət və səhiyyə müəssisələri yalnız böyük şəhərlərdə cəmləşirdisə, bu gün artıq belə fəaliyyətin mərkəzdən kənara paylaşılmasının şahidi oluruq. Və yaxud o dövrdə kənddən şəhərə hərəkətlilik “kübar həyata can atmaq” kimi qəbul olunurdusa, bu gün artıq sosial-texnoloji zənginliyin “yorğunluğundan” şəhərdən kəndə istiqamətlənmə daha geniş yayılmaqdadır. Yalnız insan amilinə dəyər verilən ölkələrdə (belə ölkələrin sayı çox azdır) yanaşma bu cürdür ki, hər bir yaşayış məntəqəsinin müasir kommunikasiyalara çıxışı olsun. Bu, həm də müasir dövrdə ölkədaxili miqrasiya proseslərinə nəzarətin ən yaxşı yoludur. 

    Bütün bunlara əsaslanaraq deyə bilərik ki, illərdir, muxtar respublikamızda geniş şəkildə aparılan quruculuq tədbirləri məqsədyönlü şəkildə icra edilir və həyata vəsiqə qazanan hər bir tikili insanların rahat işləyib-yaşamaq haqqının qorunmasına hesablanıb. 

    Müasir dövrdə muxtar respublikamızın infrastruktur gözəlliyinə yeni çalarlar qatan yeni tikililər diyarımızın bütün bölgələrini əhatə edir. Bu quruculuq siyasətinin möhtəşəmliyi həm də onda özünü göstərir ki, görülən işlər bütün demoqrafik şərtləri alt-üst edir. Ötən yaxın illər ərzində əhalisi az, şəhər və ya rayon mərkəzi ilə gediş-gəlişi çox çətin olan ən ucqar dağ kəndlərində belə, müasir tikinti layihələrinin həyata keçirilməsi bu gün insanların kəndə bağlılığını artırmaqla yanaşı, dövlət-xalq birliyinin gücünü də nümayiş etdirir. Bir zamanlar ucqar kənd yaşayış məntəqələrinə, sadəcə, torpaq yollar uzanırdısa, indi həmin məntəqələrə rahat yollarla bərabər, təbii qaz, elektrik, müasir rabitə xətləri də uzanır. Ucqarlardan təbii nemətlərin, mərkəzdən isə müasir kommunikasiyaların daşındığı bu yollar kəndlə şəhər arasındakı məsafələri təkcə fiziki baxımdan deyil, həm də mənəvi olaraq yaxınlaşdırır. Artıq illərdir, tikilən və ya yenidən qurularaq istifadəyə verilən quruculuq ünvanlarının yayılma həcmi, demək olar ki, Naxçıvan Muxtar Respublikasının fiziki xəritəsi ilə eynilik təşkil edir. Rəsmi statistik məlumata nəzər yetirsək, təkcə 2021-ci ildə bu sahədə görülən işlərin həcmi ilə tanış olmaq bəs edir ki, ümumi mənzərəni təsəvvürümüzdə canlandıra bilək.
    Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin ötən ilin yekunlarına dair məlumatında qeyd olunur ki, 2021-ci ildə muxtar respublikada 355 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 149 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2021-ci ildə 10 kənd mərkəzi istifadəyə verilmiş, 3 kənd mərkəzinin tikintisi isə davam etdirilmişdir. Həmçinin muxtar respublikada 2 yaşayış binasının tikintisi, 8 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 1 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılmış, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir. Əhalinin həyat səviyyəsinin yaxşılaşması da tikinti-quruculuq işlərinin həcminə öz təsirini göstərmiş, ötən il vətəndaşların şəxsi vəsaiti hesabına, ümumilikdə, 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. 
    Adətən, xarici analitiklərin dilindən bu fikirləri tez-tez eşidirik: “Azərbaycan o ölkələrdəndir ki, dünyanın inkişaf etmiş ölkələrinin bir neçə onillərboyu keçdiyi yolu çox qısa bir zamanda qət edə bilib”. Bu fikirlər həm də onun təsdiqidir ki, tikinti-quruculuq tədbirləri iqtisadi inkişafın göstəricisidir. 

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 03.03.2022 19:47