AZ EN RU

Tikinti-quraşdırma işləri ərazinin seysmikliyi nəzərə alınmaqla aparılır

    Zəlzələlər bəşəriyyətin üzləşdiyi təbiət hadisələrindən ən təhlükəlisi kimi qiymətləndirilə bilər. Dünyanın bir çox iri şəhərləri seysmik zonalarda yerləşir və onların sakinləri bu təbiət hadisəsinin yarada biləcəyi riski yaşamaq məcburiyyətindədir. Zəlzələlərin ən təhlükəli xüsusiyyəti onunla qiymətləndirilir ki, yaşayış və sənaye əhəmiyyətli binalar, tikililər və obyektlər çox qısa zaman kəsiyində dağılır, insan tələfatı ilə nəticələnir. 
    Hər il yaşadığımız planetdə seysmik titrəyişlərin sayı, təxminən, 3500000-ə çatır ki, onlardan 1 milyona yaxını seysmik stansiyalar tərəfindən qeydə alınır və 34 mini hiss olunur. Dünyada maqnitudası 5,0-5,9 olan (maqnituda zəlzələnin enerjetik kəmiyyət ölçüsüdür)     800-ə yaxın, maqnitudası 6,0-6,9 olan 120-yə yaxın, təxminən, maqnitudası 7-7,9 olan 18-ə yaxın dağıdıcı potensiala malik, hər 10-20 ildən bir maqnitudası 8-8,9 fəlakətli zəlzələ baş verir. Azərbaycanda gün ərzində hiss olunmayan irili-xırdalı zəlzələlərin, təqribən, sayı 80-100, dünyada isə 3000-ə yaxın olur.         Güclü zəlzələlər şəhər və qəsəbələrdə dağıntılar törədir, on minlərlə insanın həyatına son qoyur. Zəlzələnin proqnozlaşdırılması üçün müxtəlif yanaşmalar olmaqla müxtəlif modellər yaradılmağa çalışılır. Heyvanların anormal davranışı, atmosferdə baş verən anomal dəyişmələr, qrunt sularının dəyişməsi, çay və dənizlərdə baş verən dəyişikliklər, yer qabığının üst hissəsində radon qazının sıxlığının dəyişməsi kimi parametrlər zəlzələlərin proqnozlaşdırılmasında əsas meyarlar kimi göstərilir. Lakin texnologiyanın bu cür inkişafı, süni intellekt və robotlar əsri sayılan XXI-əsr bu təbiət hadisəsinin öyrənilməsində aciz görünür.Yuxarıda dediklərimizi nəzərə alaraq onu qeyd etmək olar ki, qısa zaman kəsiyində zəlzələnin vaxtını, gücünü və yerini etibarlı şəkildə proqnozlaşdırmaq hazırda mümkün deyil. Bu təbiət hadisəsinin qarşısının alınması üçün yüksəkkeyfiyyətli, seysmikliyə dayanıqlı yaşayış binaları, tikililər və obyektlər inşa olunmalı və insanlar arasında maarifləndirmə tədbirləri aparılmalıdır. Bu tədbirlərin görülməsi üçün muxtar respublikada nəzarət mexanizmi həyata keçirilir.
    Qiymətləndirmə meyarları və ərazinin yeni seysmik rayonlaşdırma xəritəsinin         hazırlanması strateji əhəmiyyət daşıyır.     1989-cu ildə tərtib olunmuş Azərbaycan ərazisinin müvəqqəti seysmik rayonlaşdırma xəritəsində muxtar respublika ərazisi 9 ballıq seysmik zona kimi ayrılır. Bu regionda              9 ballıq zəlzələlərin təkrarlanma periodu orta hesabla 100 il təşkil edir. Seysmik təhlükəlilik baxımından, əsasən, güclü zəlzələlərin episentrləri Ermənistan ərazisində yerləşir və onların intensivliyi muxtar respublikanın bütün ərazisini qapayır. 
    Naxçıvan Muxtar Respublikasının ərazisi, əsasən, Arazboyu ərazilər 0,2g, dağətəyi və yüksək dağlıq ərazilər isə 0,3-0,4g maksimal təcil zonasında yerləşir, bu da ümumiyyətlə, ərazinin yüksək seysmik təhlükəliliyindən xəbər verir. Zəlzələnin ən dəqiq proqnozu belə mütəxəssisləri zəlzələyə davamlı binalar tikmək məsuliyyətindən heç də azad etmir. Düzdür, bina və qurğuların tikintisi zamanı antiseysmik vasitələrdən istifadə olunması tikililəri çox zaman dağılmaqdan xilas edir, lakin bu vasitələrdən istifadə çox baha başa gəlir. Məsələn, zəlzələyə davamlı seysmik vasitələrdən istifadə 7 ballıq zəlzələyə hesablanmış tikintidə 4 faiz, 8 ballıq zonada             8 faiz, 9 ballıq zonada isə 12 faiz xərclərin baha başa gəlməsinə səbəb olur. Onu da qeyd edə bilərik ki, yağış suları, yeraltı sular, nəm və rütubət bina və tikililərin yükdaşıma qabiliyyətini aşağı salır. Su izolyasiyası olmayan binalar və tikililərdə hesablamalar göstərir ki, 10 il müddətində binanın yükdaşıma qabiliyyəti 66 faiz aşağı düşür.
    Muxtar respublikada gündən-günə artan iqtisadi fəallıq və nəzarət mexanizmi yaşayış məntəqələrində aparılan yenidənqurma və tikinti işlərində seysmikliyin bu normativləri əsasında qiymətləndirilməsinə imkanlar yaradır. Naxçıvan Muxtar Respublikasının seysmik təhlükəlilik baxımından qiymətləndirilməsi mühüm və aktual xarakter daşıyır. Müstəqillik əldə olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan tikinti-quraşdırma işləri ərazinin seysmikliyi nəzərə alınmaqla və yüksək keyfiyyətlə aparılır. Muxtar respublikanın rayonlarında aparılmış yenidənqurma işləri nəticəsində bütün yaşayış binalarında fasad örtüyü dəyişdirilir və kompleks şəkildə təmir işləri həyata keçirilir. Sovet dövründə tikilmiş yaşayış binalarının əksəriyyətində dəmir-beton bərkitmə işləri aparılır, yükdaşıyan konstruksiyaların gücləndirilməsi işləri həyata keçirilir və bu tədbirlər davam etdirilməkdədir. Təmir olunacaq yaşayış binalarının və obyektlərin zəmin səviyyəsinə görə qazılması bitium təbəqə ilə izolyasiyası bakteriya və kif əmələ gəlməsinin qarşısını alır, binanın möhkəmliyini və dəmir-beton örtüyünün korroziyadan qorunmasını təmin edir. Bu da binanın uzun­ömürlülüyünü və gələcəkdə baş verə biləcək seysmik titrəyişlərə qarşı dözümlülüyünü artırır. Görülən işlərin nəticəsi olaraq binalar dizayn cəhətdən gözəlləşir, təhlükəsizlik baxımından seysmik davamlılığı artırılır və gələcəkdə baş verə biləcək bir sıra seysmik hadisələrdən, baş verə biləcək təhlükələrdən qorunmanı bizlərə ehtiva edir.

İlkin Vəlibəyov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Nəşr edilib : 06.09.2022 19:49