AZ EN RU

Ticarət şəbəkələrində satılan 10 dondurma məhsulunda bakteriya aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə ölkə üzrə istehlak bazarında monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, mövsümi məhsullara aid edilən, həmçinin əsasən uşaqlar tərəfindən daha çox istehlak edilən dondurma məhsulunun satışının əsas etibarilə ilin bu mövsümündə intensiv xarakter daşıdığını nəzərə alaraq, bu sahədə monitorinqlərin miqyası genişləndirilib.

Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Bu dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

"Rich S.A" MMC-nin istehsalı olan "İçərişəhər" əmtəə nişanlı vanilli plombir, "Soyuq" əmtəə nişanlı südlü-kakaolu, "Soyuq" əmtəə nişanlı südlü-çiyələkli, “İCE Dream” əmtəə nişanlı, "Yolka" əmtəə nişanlı, fiziki şəxs Yusubova Sərngül Kərəm qızı tərəfindən istehsal olunan "Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli 12 faizli plombir, “Zoluşka” əmtəə nişanlı, "Selena" əmtəə nişanlı çiyələkli, "Camal" LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı, fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu tərəfindən istehsal olunan "Naturalika" əmtəə nişanlı dondurma məhsullarında uyğunsuzluq aşkarlanıb.

Eyni zamanda "Naturalika" əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82 faizli kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub. "Camal" LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb.

Həmçinin 43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

Qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar aparılacaq.

Nəşr edilib : 12.06.2024 11:10