AZ EN RU

Tibbi xidmətin səviyyəsi yüksəldilir

    Əhalinin sağlamlığının qorunması dövlətin əsas prioritet sahələrindən biridir. Məhz bu səbəbdən 2022-ci ildə də səhiyyənin inkişafı diqqətdə saxlanılmış, bu sahə dövlət qayğısı ilə yüksək səviyyədə təmin olunmuşdur. Səhiyyə sisteminin yenidən qurulması, infrastrukturunun yenilənməsi, səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, kadr hazırlığı, yoluxucu xəstəliklərin profilaktikası və əks-epidemik tədbirlərin aparılması daim diqqət mərkəzində saxlanılmış, insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülmüşdür. Ötən illərdə olduğu kimi 2022-ci ildə də quruculuq işlərinin aparılması diqqətdə saxlanılmış, Şərur Rayon Çərçiboğan kənd həkim ambulatoriyası, Ordubad Rayon Pəzməri və Unus, Kələki feldşer-mama məntəqələri tikilərək və ya əsaslı bərpa olunaraq ən müasir tibbi avadanlıqla, maddi-texniki baza ilə təchiz edilərək əhalinin istifadəsinə verilmişdir.

    Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya, dezinseksiya, larviolla delarvasiya tədbirləri intensiv olaraq davam etdirilmiş, hepatit B və C virus infeksiyaları, COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə əks-epidemik tədbirlər ardıcıllıqla davam etdirilmişdir. Nikaha girənlərin öncədən tibbi müayinələrdən keçirilməsi, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinələr davam etdirilmişdir. Görülən bu işlərin nəticəsidir ki, muxtar respublikada kəskin və təhlükəli yoluxucu xəstəliklər aşkar olunmamış, yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olmuş, zoonoz və xüsusi təhlükəli infeksiyalar qeydə alınmamışdır. Peyvəndləmə işi daim nəzarətdə saxlanılmış, muxtar respublikanın bütün peyvənd məntəqələri vaksin və şprislərlə tam təchiz edilmiş, yenidoğulmuşların peyvənd təqviminə uyğun immunlaşmaya cəlb olunma səviyyəsi 97 faiz olmuşdur. 
    Muxtar respublikada zoonoz və digər infeksiyaların qarşısının alınması məqsədilə profilaktik olaraq ictimai, inzibati və təsərrüfat obyektləri, su təchizatı qurğuları və digər obyektlər olmaqla, ümumilikdə, 9816039 kvadratmetr sahədə dezinfeksiya, 558332 kvadratmetr sahədə dezinseksiya işləri aparılmışdır. Şərur rayonunda 943,6 hektar sahədə, Babək rayonunda 48 hektar sahədə, Sədərək rayonunda 1 hektar sahədə delarvasiya işləri aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2023 21:24