AZ EN RU

Tibbi-profilaktik tədbirlər davam etdirilir

    İnfeksiyaların muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Müvafiq Tədbirlər Planına uyğun olaraq infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təlim-təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Tərtib edilən qrafik əsasında sentyabrın 10-dək Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı təlim-tədris müəssisələri dezinfeksiya olunacaq. 
    Dünən profilaktik tədbirlər Naxçıvan Dövlət Universitetinin tədris korpuslarının ətraflarında, girişlərdə, otaqlarda, fənn kabinələrində, laboratoriyalar və idman zallarında və daha çox istifadə olunan yerlərdə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin tədris korpusunda, yeməkxana və yataqxana binalarında və digər ərazilərdə, həmçinin Naxçıvan Qarnizonu tam orta məktəbində aparılıb.
    Muxtar respublikanın rayonlarındakı tam orta, uşaq musiqi, şahmat məktəblərində, uşaq bağçalarında da tibbi-profilaktik tədbirlər icra edilib.

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.09.2022 20:22