AZ EN RU

Tibb təhsili sahəsində əməkdaşlıq genişlənir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il  iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən muxtar respublikada keçirilən I Beynəlxalq Tibbi Forum tibb təhsili sahəsində əməkdaşlıq baxımından da əhəmiyyətli və yaddaqalan olub. Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Tibb Universiteti, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, həmçinin Türkiyənin Qaradəniz Texniki, İstanbul Yeditəpə universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb. Yeni tərəfdaşlıqlar muxtar respublikada yüksəkixtisaslı yerli tibbi kadr hazırlığına, Naxçıvan Dövlət Universitetində bu sahədə  tədrisin keyfiyyətinin yüksəldilməsi, dünya tibb elminin yeniliklərinin təcrübə mübadiləsi yolu ilə öyrənilməsi və tətbiqi işinə öz töhfəsini verəcək.
    Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Atatürk Universiteti Xəstəxanası arasında da birgə əməkdaşlığa dair müzakirələr aparılıb. İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev bildirib ki, yüksək dövlət qayğısı ilə əhatə olunan universitet Azərbaycan ali təhsil məkanında Tibb fakültəsi olan yeganə universitetdir. Vurğulanıb ki, tələbələr təcrübi dərslərini fakültədə yaradılan laboratoriyaların hesabına keçməklə bərabər, universitetin xəstəxanasından, respublika xəstəxanalarından klinik baza kimi yararlanırlar. Qonaqlara Naxçıvan Dövlət Universitetinin xəstəxanası haqqında ətraflı məlumat verilib.
    Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının baş həkimi, professor Fuat Gündoğdu qeyd edib ki, rəhbərlik etdiyi xəstəxana 1 yanvar 1978-ci ildə fəaliyyətə başlayıb, 12 əyalətdə 4,5 milyon insana sağlamlıq xidməti göstərir. Bundan əlavə, sağlamlıq ocağı Sağlamlıq Elmləri Fakültəsi və Sağlamlıq Peşə Məktəbinin tələbələri və Tibb fakültəsinin ixtisas tələbələrinin  təlim və təcrübələrinə də ev sahibliyi edir.
    Universitet xəstəxanasında davam edən görüşdə Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının tanıtım videoçarxı nümayiş olunub, Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanası həkimlərinin müxtəlif mövzularda çıxışları dinlənilib. 
    Sonda müzakirələr aparılıb, Naxçıvan Dövlət Universiteti müəllimlərinin təklifləri dəyərləndirilib.

    Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 23.06.2022 19:44