AZ EN RU

Tibb işçilərinin sertifikasiya imtahanlarına start verilib

    Mərkəzləşdirilmiş qaydada ilk dəfə keçirilən tibb işçilərinin sertifikasiyası onların bilik səviyyəsinin, peşə hazır­lığının, ümumi dünyagörüşünün, səhiyyə müəssisələrində işləməyə layiqli olmasının müəyyən edilməsi məqsədilə keçirilir. Səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində və ya iş yerində təcrübədə olmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanda iştirak etmək üçün müraciət etməlidirlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənir.
    Ali və orta ixtisas tibb təhsili müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.
    Qeyd edək ki, tibb ixtisasları üzrə ali və orta ixtisas təhsilli şəxslərin sertifikasiyasının aparılması Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabinetinin 2020-ci il  6 oktyabr tarixli “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması qaydaları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən həyata keçirilir. 

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 04.05.2022 19:45