AZ EN RU

Tibb işçilərinin işə qəbul üçün növbəti test imtahanları

    Səhiyyə müəssisələrinin kadr ehtiyacının təmin edilməsi və ixtisaslı kadr potensialının artırılması məqsədilə dövlət səhiyyə müəssisələrinə işə qəbul üçün növbəti test imtahanları keçirilir.
    Bu il artıq ikinci dəfədir ki, keçirilən müsabiqəyə 395 vakant vəzifə çıxarılıb. 248 müraciətin qeydə alındığı müsabiqədə namizədlərin 201-i orta ixtisas tibb işçisi, 47-si isə həkim vəzifələri üzrə qeydiyyatdan keçib. Müsabiqədə vakant yerlərə ən çox müraciətlər tibb bacısı (153), mama (26) və həkim-stomatoloq (21) vəzifələri üzrə yaranıb. 
    İki mərhələdən ibarət olan imtahanın test hissəsi 60 sualdan ibarətdir. Test hissəsi üzrə hər bir düzgün cavab bir balla qiymətləndirilir. Test imtahanının nəticələrinə əsasən 40 və ya daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunur. İmtahanın nəticəsi “test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir. 
    İmtahan suallarının klinik tapşırıq hissəsi isə namizədin ixtisasına aid, habelə onun praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla, yazılı şəkildə keçiriləcək.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il  tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən keçirilən müsabiqə sentyabrın 12-də başa çatacaq. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 09.09.2022 21:08