AZ EN RU

Tibb fakültəsinin əməkdaşları Yunanıstanda təlimlərdə olublar

    Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin əməkdaşları Avropa Birliyinin Erasmus + LMQS layihəsi çərçivəsində Yunanıstanda təlimlərdə olublar.
    Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində layihənin koordinatoru Qərbi Attika Universitetinin təşkilatçılığı ilə Yunanıstanda növbəti təlimlərə start verilib. Ali təhsil ocağının Tibb fakültəsinin Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev, həmin kafedranın baş müəllimi Güllü Səfərova, Əczaçılıq və biokimya kafedrasının laborantı Lalə Həsənli Yunanıstanın Qərbi Attika Universitetində LMQS layihəsi üzrə keçirilən təlimlərdə iştirak ediblər. 
    Avropa Birliyinin layihə üzrə baş koordinatoru Yunanıstanın Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos layihə barəsində məlumat verib. Sonra sahə mütəxəssislərinin iştirakı ilə Strateji keyfiyyət menecmenti və səhiyyədə risklərin idarə olunması sahəsində bacarıq və ehtiyacların təlimi və peşə hədəflərinin identifikasiya anketinin həyata keçirilmə metodologiyası üzrə mühazirələr oxunub. 
    Attika Universitetinin idarəçilik və keyfiyyət üzrə ekspertinin keçdiyi təlimdə birgə tədris proqramlarının təşkil olunması, ikili diplom məsələləri müzakirə edilib. Azərbaycan və Qazaxıstan universitetləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb. Yunanıstanın Təhsil  Akademiyası, Milli kitabxana, İctimai səhiyyə sistemi, Onkoloji xəstəxana ilə tanış olan nümayəndə heyəti üçün müxtəlif sahələr üzrə ekspertlərin təlimi təşkil edilib. Səfər müddətində Yunanıstanın tarixi yerlərini ziyarət edən qonaqlara keçirilən təlimlər üzrə material toplusu da təqdim olunub. Səfər müddətində nümayəndə heyəti Azərbaycanın Yunanıstandakı səfirliyinin dəvəti ilə 28 May – Müstəqillik Günü münasibətilə təşkil edilən tədbirdə  də iştirak edib.
    Qeyd edək ki, layihənin əsas məqsədi Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsini həyata keçirməkdir. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 31.05.2022 21:18