AZ EN RU

Tibb fakültəsinin əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər

    Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, fakültə müəllimlərindən tibb elmləri doktoru İsa Abdullayev və tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov Türkiyə Cümhuriyyətinin Adana şəhərində keçirilən V Çukurova Gastro-İntestinal Xəstəliklər və Cərrahi Konqresində iştirak ediblər. Beynəlxalq səviyyədə təşkil olunan konqresdə bir çox təcrübəli elm adamları olmaqla, 850-dən çox adam iştirak edib. Təcrübələrin paylaşılması məqsədilə 8 bölmədə keçirilən tədbirdə video və fototəqdimatlar üstünlük təşkil edib. 
    Türkiyə Ostomi Cərrahi Dərnəyi, Adana Egitim və Araşdırma Xəstəxanası, Adana Çukurova Universiteti, Azərbaycan Endoskopik Laproskoplar Dərnəyi, Gastroenteroloji Diyetoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə cərrahi xəstəliklər başda olmaqla həzm sistemini təşkil edən orqanların ümumi və metabolik xəstəlikləri müzakirə edilib. 
    Konqresin açılış mərasimində çıxış edən Tibb fakültəsinin dekanı Elsevər Əsədov Naxçıvan Dövlət Universitetinin son illərdə qazandığı elmi uğurları, qardaş Türkiyə universitetləri ilə  birgə aparılan beynəlxalq əməkdaşlıq məsələlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
    Konqresdə Tibb fakültəsinin Ümumi təbabət və klinik fənlər kafedrasının müəllimi, tibb elmləri doktoru  İsa Abdullayevin “Kəskin pankreatitlərin müalicəsində müvəqqəti kimyəvi pankreatektomiyanın klinik əhəmiyyəti”, həmin kafedranın dosenti Cəbi İsmayılovun “Hepatoeksternal öd yollarının İatrogen hasarları” və fakültə dekanı Elsevər Əsədovun “Naxçıvan Muxtar Respublikası ərazisindən əldə olunan arıçılıq məhsullarının həzm sistemi xəstəliklərinin müalicəsində rolu” mövzularında çıxışları dinlənilib. 
    Çıxışlarda qeyd edilib ki, ümumi cərrahiyyənin əsas mövzularından biri olan həzm sistemi xəstəliklərinin, xüsusən də xərçəngin yayılmasının günümüzdə çox artmasının şahidi oluruq. Bu sahədə açıq cərrahi əməliyyatla yanaşı, laparoskopik, robotik və endoskopik tətbiqlərin həyata keçirilməsinin məqsədəuyğunluğu da diqqətə çatdırılıb. Həmçinin müzakirələrdə qeyd olunub ki, müalicə prosesində uğurların qazanılması üçün bu sahədə sürətlə artan elmi araşdırmaları, nəşrləri və texnoloji inkişafı daim izləmək, müalicə üsullarının multidisiplinar müzakirə edilməsi vacibdir.
    Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub, gələcəkdə belə konqreslərin Naxçıvanda keçirilməsi də müzakirə edilib. 
    Qeyd edək ki, konqres ümumi cərrahlar, cərrah köməkçiləri, diyetoloqlar, tibb tələbələri və tibb işçiləri üçün mühüm əhəmiyyət daşıyan bir tədbir olub. Konqres texnologiya və cərrahiyyənin bir araya gəldiyi konfranslar, canlı yayımlar, ekspert məsləhətləşmələri və dəyirmi masa müzakirələri ilə yanaşı, təcrübəli mütəxəssislərlə görüş imkanlarının da dəyərləndirilməsi baxımından da öz əhəmiyyətliliyi ilə yadda qalıb. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 09.03.2022 18:21