AZ EN RU

Tibb bacıları Türkiyəyə yollanır

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov Naxçıvandan Türkiyənin Qazi Universitetinə təlimə göndərilən ilk tibb bacısı heyəti ilə görüş keçirib. Görüsdə Samiq Sadıxov qeyd edib ki, tibb bacıları səhiyyə sisteminin aparıcı qüvvələridirlər, onların öz üzərlərinə düşən vəzifəni layiqincə və peşəkar yerinə yetirməyi həm tibbi xidmətin keyfiyyətinə, həm də xəstə məmnuniyyətinə təsir edən vacib amildir.  Tibb bacılarının peşəkarlığının artırılması üçün cari ildən etibarən Türkiyə Universitetlərinin xəstəxanaları ilə başlanan mübadilə proqramlarımız mərhələli şəkildə Naxçıvan səhiyyə sistemindəki bütün tibb bacılarını əhatə edəcəkdir. İlk göndərilən heyət kimi sizin məsuliyyətiniz böyükdür. Orada ilk təəssüratı siz formalaşdıracaqsınız. İnanıram ki, hər biriniz yaradılan bu şəraitdən maksimum faydalanacaq, öz aktivliyiniz, təşəbbüskarlığınız, nizam-intizamınızla seçiləcək, bilik və bacarıqlarınızın artırılması üçün var qüvvənizlə çalışacaq, səhiyyəmizi yüksək səviyyədə təmsil edəcəksiniz. Diqqətinizə çatdırım ki, mübadilə proqramlarımız ikitərəflidir. Yaxın günlərdə Naxçıvanda Qazi Universitetindən gələn tibb bacıları burada profilləri üzrə müxtəlif xəstəxanalarda işə başlayacaqlar. Bununla da daha çox tibb bacısı iş prosesində təlimə cəlb olunacaq. Sizlər də qayıtdıqdan sonra öz bilik və bacarıqlarınızı işinizdə tətbiq etməklə yanaşı, təcrübələrinizi həmkarlarınızla da bölüşməli, komanda olaraq işləyib yüksək nəticələr ortaya qoymalısınız. Bir sözlə, əvvəldə də qeyd etdiyim kimi, tibb bacıları səhiyyə sisteminin mühüm parçasıdir. Siz də öz məsuliyyətinizin fərqində olmalı, günün tələbləri ilə ayaqlaşmağı bacarmalı, daim inkişafda olmalısınız. Hər birinizə qarşıdakı 6 həftəlik təlimlərinizdə uğurlar arzulayıram. 
Görüşün sonunda tibb bacılarına "Orta orta tibb işçilərinin vəzifə və intizam təlimatları"na dair slayd nümayiş etdirildi.

Ceyhun Məmmədov

Nəşr edilib : 13.01.2024 21:42