AZ EN RU

“ Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq simpozium keçirilib

    Naxçıvan Dövlət Universitetinin 55 illiyi münasibətilə ali təhsil ocağında “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq simpozium keçirilib. Naxçıvan Dövlət Universiteti, İstanbul Texniki Universiteti, Düzcə Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev qonaqları salamlayıb, müasir təhsil sistemi və innovasiyalar sahəsində belə bir simpoziuma ev sahibliyi etməkdən xüsusilə məmnunluğunu ifadə edib. Qeyd olunub ki, “Yüksək Texnologiyalar Parkı” innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, xarici investisiyaların cəlb edilməsinə və insan resurslarının inkişafına öz töhfəsini verir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı olub. Bu konsepsiya ölkə həyatının bütün sahələrində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir. “Yüksək Texnologiyalar Parkı”nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır.
    Elbrus İsayev vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağında 2020-ci ildən etibarən Texnologiyalar Parkının təməli qoyulub. Diqqətə çatdırılıb ki, ali təhsil ocağı Texnoparkın yaradılması üçün qardaş Türkiyənin bu sahədə təcrübəsindən yararlanıb. “Ölkə Prezidentinin təhsil strategiyası ali təhsil sistemimiz üçün prioritet istiqamətdir”, –deyən rektor bunu ali təhsil müəssisələrini inkişaf etdirməyin əsası adlandırıb. Qurulan texnoparkın gələcəkdə ölkəmizdəki ali təhsil müəssisələri ilə beynəlxalq şirkətlər və xarici universitetlərlə əlaqələr qurulması baxımından mühüm başlanğıc olaraq dəyərləndirilib. Rektor Türkiyənin nüfuzlu universitetləri ilə Texnopark sahəsində qurulan əməkdaşlıq məsələlərindən danışıb və göstərilən dəstəyə görə xüsusilə minnətdarlıq edib. 
    Simpoziuma onlayn qoşulan İstanbul Texniki Universitetinin prorektoru, professor Bülənt Güloğlu qeyd edib ki, 250 illik tarixə malik dünyanın mühəndis hazırlayan ilk ali təhsil ocağı Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda dayanıb. Vurğulanıb ki, İstanbul Texniki Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl tələbələr yetişdirən dövlət ali məktəbidir. Hazırda bu universitetdə 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institut fəaliyyət göstərir. Universitetin nəzdində fəaliyyət göstərən texnoparkların bir çox beynəlxalq mükafatlar qazandığını bildirən prorektor diqqətə çatdırıb ki, texnoparkların ən üstün cəhəti texnologiyanı izləmək və rəqəmsal bilikləri tətbiq etməkdir.
    Simpoziuma Düzcə Universitetinin prorektoru, professor İlhan Gənç onlayn çıxışı zamanı bildirib ki, 2006-cı ildə qurulan və qısa müddətdə böyük akademik uğurlara imza atan bu ali təhsil ocağı keyfiyyətli təhsil və təlim fəaliyyətləri, dəyərli elmi araşdırmalar, sosial məsuliyyət və regional inkişaf sahələrindəki səyləri ilə lider mövqedə dayanır. 
    Simpoziumda onlayn çıxış edən İstanbul Texniki Universiteti ARI Texnologiyalar Parkının müdiri, dosent Dəniz Tunçalp vurğulayıb ki, dünyanın ən yaxşı texnoparklarından sayılan ARI Texnopark 2002-ci ildə qurulub. Bildirilib ki, texnopark 300-dən artıq şirkət və 9000-ə yaxın şəxsi heyətlə çalışır. Universitetin nəzdində fəaliyyət göstərən şirkətlər haqqında ətraflı məlumat verən Dəniz Tunçalp İTÜ Çekirdek İnkubasiya Mərkəzi barədə danışıb. Diqqətə çatdırılıb ki, dünyanın 35-dən çox ölkəsindən və Türkiyənin hər yerindən 50 mindən çox müraciət alan İTU Çekirdek bu günədək 4040-dan çox startap və 9000-dən çox müəssisəyə dəstək verib. 
    Simpoziumda iştirak edən Düzcə Universiteti Texnologiyalar Parkının müdiri, dosent Özkan Şahin qeyd edib ki, Times Higher Education sıralamasında ölkə universitetləri sırasında öz birinciliyini qoruyan bu ali məktəbin Texnoparkı 2010-cu ildə yaradılıb. Qonaq slaydlar vasitəsilə texnoparklar və onların qurulması ətrafında çıxış edib. 
    Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, professor Teymur Abbasov texnoparkların təhsildə və iqtisadi inkişafda rolundan danışıb. 
    Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov bilik iqtisadiyyatının insan kapitalının formalaşdırılmasının əsas məsələlərdən biri hesab edilməsi, müasir dövrdə bu istiqamətdə ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verib.
    Düzcə Universiteti Texnologiyalar Parkının müdiri, dosent Özkan Şahin, Düzcə Universiteti Texnologiyalar Parkının biznesin inkişafı üzrə koordinatoru Ayşə Nur Atakav mövzu ilə əlaqədar çıxış edib, müəllim və tələbələrin suallarını cavablandırıblar.  
    Simpoziumda və bölmə iclasınlarında 50-dən çox çıxışlar dinlənilib. 
    İki gün davam edən simpozium çərçivəsində qonaqlar universitet ərazisini gəzib, tikilməkdə olan Texnopark binasında, Media Mərkəzində olublar. 

Səadət ƏLİYEVA

Nəşr edilib : 27.12.2022 21:09