AZ EN RU

Texnologiya lideri IBM ilə Naxçıvan Dövlət Universiteti arasında strateji əməkdaşlıq: inkişafın yeni üfüqləri

    Dünya hərtərəfli modernləşir, həm mental aspektlər, həm də texnologiya sürətlə inkişaf edir. Bu inkişaf, təbii ki, təhsil sistemindən də yan keçmir və bu sahədə də yeni trendlər özünü büruzə verir. Belə ki, “Həyat boyu təhsil” anlayışı daha geniş şəkildə yayılır. Texnoloji inkişaf insana olan tələbi azaltdıqca insan kapitalı fərdləri arasında rəqabət mühiti güclənir. Təhsillə bağlı yeni yanaşmalar təhsil sisteminin daha mobil, daha əlçatan olmasını tələb edərək yeni texnoloji yeniliklərin bu sahədə tətbiqini zəruri edir. Texnoloji inkişafın təhsil sisteminə inteqrasiyası isə “təhsil texnologiyası” termininin formalaşmasına səbəb oldu. Son dövrlərdə standart təhsil sistemində tələbənin bilikləri onun məlumatlılıq səviyyəsi ilə deyil daha çox meta bacarıqları və səriştəsi ilə qiymətləndirilir və bu səbəbdən praktiki biliklərin gücləndirilməsinə yönəlik təhsil texnologiyalarının, onlayn simulyatorların yaradılması zərurətini meydana çıxardı. 
    Günümüzün tələblərinin, eyni zamanda yeni dünya çağırışlarının içərisində təhsilalma istiqamətindəki göstəricilərin artan dinamikasının təşəkkülü özünün aktuallığı ilə seçilir ki, bu sahədə də Naxçıvan Dövlət Universitetinin yeri və rolu artmaqdadır. Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Proqramlaşdırma Mühəndisliyi İnstitutunun (NPMİ) yaradılması Azərbaycan hökumətinin qarşıya qoyduğu təhsil və texnoloji hədəflərə uyğunlaşma istiqamətində mühüm addımdır. Bu təşəbbüs ölkənin təhsil mühitindəki kritik boşluqları aradan qaldırmaq və texnologiya sektorunun inkişafına töhfə vermək potensialına görə böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə International Business Machines (IBM) ilə Naxçıvan Dövlət Universiteti arasındakı strateji əməkdaşlıq təhsili texnologiyanın gətirdiyi yeniliklərlə birləşdirərək regional inkişafın və tələbələrin gələcəyinin formalaşdırılması məqsədinə yönəlib.
    1911-ci ildə Thomas Watson tərəfindən qurulandan bəri IBM texnologiya dünyasının aparıcı adlarından biri olmuşdur. IBM-in dünya üzrə texnoloji həlləri təkcə şirkətlərin ehtiyaclarına cavab vermir, həm də sənayenin təkamülünə təkan verir. IBM-in kompüter texnologiyasının inkişafında qabaqcıl rolu onun qlobal səviyyədə texnologiya lideri kimi tanınmasına imkan verir. Şirkət tərəfindən təqdim olunan həllər maliyyə, səhiyyə, təhsil, istehsal və bir çox digər sektorlarda biznes proseslərini optimallaşdırmaq, səmərəliliyi artırmaq və rəqabət üstünlüyü əldə etmək üçün strateji vasitələr təqdim edir.
    IBM-in qlobal texnologiya liderliyi və Naxçıvan Dövlət Universitetinin təhsildə mükəmməllik vizyonu Proqramlaşdırma Mühəndisliyi İnstitutu vasitəsilə bir araya gələrək regionda mühüm bir yeniliyə imza atmışdır. Bu strateji tərəfdaşlıq universitetin hüdudlarını aşaraq bölgənin rəqəmsal transformasiyasına rəhbərlik edən bir model yaratmışdır.
    Proqramlaşdırma Mühəndisliyi İnstitutunun akademik və əməkdaşlıq maraqları ilkin olaraq Süni intellekt, Bulud texnologiyaları, Kibertəhlükəsizlik, Data elmi, Dizayn düşüncəsi sahələrinə yönələcək. Belə ki, Naxçıvan Dövlət Universiteti ilə IBM arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən NDU “Skills Build for Academia” proqramına qoşulmuşdur. Bu proqrama tədris materialları və TTT (train the trainer) kursları daxildir. Bu kurs çərçivəsində 5 modul üzrə təlimlərin aparılması və ilkin olaraq 20 professor-müəllim heyətinin təlimlərdə iştirakı planlaşdırılır. Ötən ilin oktyabr, dekabr aylarında keçirilən “Bulud texnologiyaları”, “Süni intellekt” və “Dizayn düşüncəsi” təlimlərinə Naxçıvan Dövlət Universitetinin 9 əməkdaşı qoşularaq IBM-dən sertifikat əldə etmişdir. 2024-cü ilin yanvar və aprel aylarında digər 2 modul – “Data elmi” və “Kibertəhlükəsizlik” üzrə təlimlər baş tutacaq. Bu təlimlərin keçirilməsində əsas məqsəd universitetin müəllim-professor heyətini yeni yaradılacaq Proqramlaşdırma Mühəndisliyi İnstitutuna təlimçi kimi hazırlamaqdır.
    Naxçıvan Dövlət Universiteti regional təhsil müəssisəsi kimi tələbələrə təkcə bilik ötürmək üçün deyil, həm də onları gələcəyin texnoloji çağırışlarına hazırlamaq məqsədilə fəaliyyət göstərir. Müasir təhsil yanaşmasını mənimsəyən universitet tələbələrə rəqabətli rəqəmsal dünyada uğur qazanmaq üçün lazımi imkanlar təqdim edir. IBM ilə qurulan əməkdaşlıq bu vizyonun mühüm əksidir. Bu strateji tərəfdaşlıq Naxçıvan Dövlət Universitetinin təhsil proqramlarına əlavə dəyər qatır, tələbələrə daha geniş perspektiv və sənaye standartlarına uyğun biliklər verir.
    IBM ilə əməkdaşlıq Naxçıvan Dövlət Universitetinin adını beynəlxalq səviyyədə daha geniş auditoriyaya tanıtmaq potensialına malikdir. İnformasiya və texnologiya nəhəngi ilə yaradılan bu strateji əməkdaşlıq universitetin nüfuzunu artırmağa və indiyədək çatmadığı coğrafiyalarda tanınmasını gücləndirməyə imkan yaradacaqdır. Bu həm universitetin akademik keyfiyyətini daha da gücləndirəcək, həm də tələbələri və alimləri bu təhsil müəssisəsinin imkanlarından istifadəyə təşviq edəcəkdir. Bununla da Naxçıvan Dövlət Universiteti qlobal miqyasda rəqabətədavamlı akademik mühitə çıxış imkanı qazanır.
    Naxçıvan Dövlət Universitetinin IBM ilə əməkdaşlığı təkcə təhsil sahəsinə deyil, həm də regionun iqtisadi və texnoloji inkişafına mühüm töhfələr vermək məqsədi daşıyır. Bu əməkdaşlıq davamlı artım və sosial inkişaf üçün əhəmiyyətli addım sayıla bilər.
    Belə ki, IBM ilə əməkdaşlıq regionda məşğulluq yaratmaq potensialına malikdir. Proqramlaşdırma Mühəndisliyi İnstitutunun açılması yerli tələbələrə və mütəxəssislərə proqram təminatının hazırlanması və texnologiyası üzrə təlim keçmək şansı yaratmaqla ixtisaslı işçi qüvvəsinin artırılmasına töhfə verəcəkdir. Bu həm də regionda əmək bazarının şaxələndirilməsinə və möhkəmlənməsinə, əməkdaşlıq çərçivəsində göstərilən texniki dəstək və resurslar Naxçıvanın texnoloji infrastrukturunun gücləndirilməsinə, regionda daha güclü rəqəmsal ekosistem yaratmaqla yerli biznes və qurumların rəqabət üstünlüyünün artırılmasına geniş imkanlar açacaq. 
    IBM və Naxçıvan Dövlət Universiteti arasındakı bu strateji əməkdaşlıq təkcə universitet və şirkət arasında deyil, həm də regionun gələcəyini formalaşdırmaq üçün bir araya gələn ekosistem kimi qiymətləndirilməlidir. Proqramlaşdırma Mühəndisliyi İnstitutunun açılması tələbələrə müasir bacarıqlar verməklə yanaşı, Naxçıvanı texnoloji mərkəzə çevirmək vizyonunu dəstəkləyir.
    Bu əməkdaşlıq Naxçıvanın təkcə bugünkü tələblərinə deyil, həm də gələcəyin texnoloji transformasiyasına doğru bir addım atır. IBM-in qlobal texnologiya liderliyi Naxçıvan Dövlət Universitetinin təhsilin keyfiyyətini yüksəltmək və regiona rəqabət üstünlüyü gətirmək potensialını özü ilə gətirir. Bu da  regiona yeni iş imkanları və texnologiya əsaslı sahibkarlıq imkanları təqdim etməklə regional inkişafa mühüm töhfə verir.
    IBM və Naxçıvan Dövlət Universiteti arasında bu strateji tərəfdaşlıq təkcə təhsil sahəsində deyil, həm də texnoloji və regional inkişafda yeni üfüqlər açır.
    Bir sözlə, bu əməkdaşlıq Naxçıvanın gələcək texnoloji potensialını gücləndirən mühüm mərhələdir.

Səriyə QASIMOVA 
Naxçıvan Dövlət Universitetinin IBM üzrə koordinatoru, 
Elektronika və İnformasiya Texnologiyaları kafedrasının müəllimi

Nəşr edilib : 12.01.2024 16:30