AZ EN RU

Təsəvvür edirsiz, ABŞ sülhməramlıların gedişindən necə narahat olub

Rusiya sülhməramlı kontingentinin qarşılıqlı razılaşma çərçivəsində Azərbaycandan çıxarılmasına artıq dünəndən bəri müxtəlif reaksiyalar gəlməkdədir. Bunlar içərisində daha çox diqqətçəkən isə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin məsələyə münasibəti oldu: “Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə yatırdığını göstərən heç nə görmədik və payızda Qarabağda baş verən hadisələr də bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir.” Ardınca da əlavə edir ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır.

Təbii ki, Vedant Patel konqresmen və ya senator deyil, Amerika xarici siyasətinin informasiya təbliğatı üzrə mühüm fiqurlarından biridir. Yəni, kimsə onun erməni təbliğatından asılı bir şəxs olduğunu deyə bilməz. Yaxud bunu “onun dedikləri ABŞ-ın rəsmi yanaşması deyil” kimi qəbul etmək də mümkün deyil. Patelin səsləndirdiyi fikir ABŞ Dövlət Departamentinin  – yəni supergücün hadisələrə münasibətidir ki, bu da kifayət qədər aydın şəkildə bildirilib.

Məsələ burasındadır ki,  ABŞ erməniləri müdafiə baxımından Rusiyanı Cənubi Qafqazda heç bir sərmayə yatırmamaqda günahlandırır. Əslində departament sözçüsü burada səhvə yol verir, orada olan 30 illik “sərmayə” ATƏT-in Minsk qrupunun Amerika da daxil olmaqla bütün üzvlərinin işinə yarayırdı. Amma Azərbaycan bu “sərmayənin” müddətini əbədi olaraq sıfırladı. Amerikanın isə son onilliklərdə Əfqanıstana, İraqa, Suriyaya yatırdığı “sərmayələri” yaxşı bilirik.

“Payızda Qarabağda baş verən hadisələr”dən təəssüfünü Rusiyanın etibarsızlığı ilə izah edən sözçü bunun da günahını Rusiyanın üzərinə yıxır. Əslində burada da təəccüblü bir şey yoxdur. “Payızda Qarabağda baş verən hadisələr”dən əvvəl (20 sentyabr antiterror əməliyyatı nəzərdə tutulur) bu dövlət departamenti Laçın dəhlizinin güya bağlı saxlanılması “ucbatından” bir neçə dəfə Azərbaycana ən yüksək səviyyədə çağırışlar etmişdi. Departamentin o vaxtkı sözçüsü Metyu Miller “Biz ləyaqətli yaşayış üçün zəruri olan ərzaq, dərman və digər malların davamlı blokadası nəticəsində Dağlıq Qarabağda humanitar şəraitin pisləşməsindən dərin narahatıq. Birləşmiş Ştatlar humanitar yardımın Dağlıq Qarabağ əhalisinə çatması üçün son bir neçə həftə ərzində tərəflərlə davamlı işləyib. Biz Laçın dəhlizini təcili olaraq humanitar, ticarət və sərnişin daşınması üçün yenidən açmaq çağırışımızı təkrar edirik” – bəyanatını vermişdi.

Təzada baxın ki, ABŞ Ermənistanda Rusiyanın varlığına son qoymaq üçün dəridən-qabıqdan çıxır, 5-10 kilometr o tərəfdə olan Azərbaycan torpaqlarından  isə rusları getdiyinə görə etibarsız, heç bir işə yaramayan adlandırır. Rusiya isə öz növbəsində sülhməramlıların çıxarılmasını Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması ilə əlaqələndirir, dolayısı ilə məsuliyyəti Paşinyan və Qərb tərəfdaşlarının üzərinə qoyurlar. Elə əsl təzad da burada yaranır ki, ABŞ və Rusiya Gürcüstanda, Moldovada, Ukraynada çox sərt şəkildə üz-üzə dayansalar da, Azərbaycana gəldikdə ortaq erməni maraqları üçün birləşə bilirlər. Və bütün bunlardan sonra ABŞ Dövlət Departamenti bildirir ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır. Məncə, əlavə şərhə ehtiyac yoxdur: əvvəlki cümlədəki “sülhə” sözünün yerinə “problemin həllinə” ifadəsini yerləşdirsəniz, 30 ildə söylənilən bəyanatları yenidən xatırlamalı olacaqsınız. Bu qədər sadə…     

                                                 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 19.04.2024 16:34