AZ EN RU

Təsərrüfat sahibləri ilə görüş keçirilib

    Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova və nazirliyin digər məsul şəxsləri Şahbuz rayonunda təsərrüfat sahibləri ilə görüşüblər.
    Öncə Xəyalə Dadaşova  muxtar respublika ərazisində aparılan payızlıq əkinlərdən, əkinlərə göstərilən aqrotexniki qulluq qaydalarından danışıb. O qeyd edib ki, əkinlərə gübrələrin verilməsi, subsidiyaya əsaslanan nağd ödənişlərin fermer kartlarına köçürülməsi təmin olunub. Şahbuz və Şərur rayonları üzrə təqdim edilən sənədlərdə uyğunsuzluq aşkar olunduğu üçün nağd ödənişlərin fermer kartlarına köçürülməsi yubansa da, artıq bu məsələ də həllini tapıb.
    O, yazlıq əkinlərin diqqətdə saxlanılmasının, subsidiya üçün tələb olunan sənədlərin vaxtında təqdim edilməsinin zəruriliyini bildirib. Daha sonra heyvandarlıq təsərrüfatlarında mövcud vəziyyətdən danışıb. Bu sahədə də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən təqdim olunan sənədlərdə çatışmazlıqların olması səbəbindən doğulmuş buzovlara görə subsidiyaların verilməsinin gecikdiyini və bu istiqamətdə aidiyyəti üzrə müraciət edildiyini vurğulayıb. O həmçinin 2018-ci ildə subsidiya almayan arıçılıq təsərrüfatlarına gələcəkdə subsidiyaların ödəniləcəyini deyib.

 Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2023 17:57