AZ EN RU

Təsərrüfat ilini uğurla başa vurmaq üçün tədbirlər görülür

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamın regionda həyatın bütün sahələrinin yeni inkişaf mərhələsinə qədəm qoyulmasına hədəflənib. Proqramda iqtisadiyyatın inkişafının davamlılığına nail olmaq, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasının, nəticə etibarilə, əhalinin məşğulluğunun və rifahının yüksəldilməsini təmin etmək başlıca məqsədlərdir. Bu sırada iqtisadiyyatın aparıcı qollarından biri olan aqrar sahənin inkişafı üçün də məqsədyönlü tədbirlərin görülməsi ön planda özünə yer alıb. 

    Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında bitkiçiliyin, bağçılığın, üzümçülüyün, bostançılığın inkişaf etdirilməsini, muxtar respublika üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqini təmin etmək torpaqların su ilə təminatının yaxşılaşdırılmasını zəruri edir. Ona görə də adıçəkilən proqramda bu istiqamət diqqətdə saxlanılıb. Görüləcək işlər isə, təbii ki, kənd təsərrüfatında məhsul istehsalının daha da artmasına, nəticə etibarilə, muxtar respublika iqtisadiyyatının inkişafına və əhalinin gəlirlərinin yüksəlməsinə imkanlar yaradacaq. 
    Kəngərli rayonu da muxtar respublika iqtisadiyyatının inkişafında fəal iştirak edən bölgələrimizdən biridir. Bu, bir tərəfdən dövlət qayğısı ilə bağlıdırsa, digər tərəfdən bölgənin təbii coğrafi şəraiti ilə əlaqədardır. Məhsuldar torpaq sahələri, ilbəil artan meliorasiya və irriqasiya tədbirləri, torpaq mülkiyyətçilərinin kreditlər və texnikalarla təmin olunması torpağa əsas iş yeri kimi baxan rayon sakinlərinin öz iqtisadiyyatlarının, nəticə etibarilə, ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsinə töhfələrini verməyə ruhlandırır. Növbəti təsərrüfat ilində də Kəngərlinin torpaq mülkiyyətçiləri mövcud imkanlardan və yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Muxtar respublikanın daha çox aran bölgələrində, həmçinin dağlıq ərazilərin belə ünvanlarında  artıq əkinçilik tədbirləri sona çatdırılıb, bəzi əkin sahələrində becərilmə işləri aparılır, bəzi sahələrdən isə məhsul tədarük edilir. Bəllidir ki, əkinçilikdə başlıca vasitələrdən biri təsərrüfat suyu ilə təminatdır. Kəngərlidə su təminatı necə həll edilir? Dünyanı bürüyən su qıtlığının verəcəyi itkiləri minimuma endirmək üçün bölgədə hansı tədbirlər görülür? Bu və digər belə suallara cavab tapmaq üçün Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin rəisi Hafiz Mehdiyevlə həmsöhbət olduq.
    Rayonda istifadə edilən su mənbələri haqqında məlumat verən müsahibim bildirdi ki,  hazırda bölgədə 4456 hektar sahə əkin altındadır. Bu sahələrin suvarılmasında mütərəqqi üsullardan istifadə olunmasına səy göstərilir. Hafiz Mehdiyevin sözlərinə görə, rayonda müxtəlif su mənbələri mövcuddur. Bunlar içərisində subartezian quyuları xüsusi rol oynayır. Hazırda mövcud olan 67 quyunun 62-dən istifadə edilir. Rayonu həm içməli, həm də təsərrüfat suyu ilə təmin edən subartezianlarda mütəmadi olaraq təmir işləri aparılır. Kəngərlidə 21-dən içməli su, 28-dən həm içməli, həm suvarma, 120-dən isə suvarma suyu kimi istifadə edilən 169 kəhriz də hər iki tələbat üçün mühüm rol oynayır. Onlar içərisində ən bol sulusu Xok kəndindəki Çaykəhrizidir. Bu kəhrizdən də hər iki məqsəd üçün istifadə olunur. 
    Qeyd edək ki, Çay kəhrizindən Yeni Kərki, Böyükdüz kəndləri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və bir hərbi hissə yararlanır. Həmin kəhrizdən Yeni Kərki kəndində 44 evə su çəkilib. Kəngərlidə təsərrüfat suyu üçün istifadə edilən “Xok-1” gölü 700 min kubmetr sututumuna malikdir. Asnı çayından Qarabağlar kəndindəki gölə gələn sudan öz mənbəyini götürən “Xok-1” gölü bu il tam doldurulmayıb. Rayonda 3 milyon kubmetr tutumu olan, ancaq qar və yağış suları hesabına doldurulan “Xok-2” gölü də əkinçiliyin inkişafında mühüm rol oynayır. Bu sırada 500 min kubmetr tutumu olan Çalxanqala gölünü də qeyd etmək yerinə düşər. 
    Şərur rayonunun Gümüşlü kəndi ərazisində tikilmiş Arpaçay Su Anbarı da Kəngərlidə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Belə ki, anbarın sol sahil kanalından öz axarı ilə Qıvraq kəndinin bir hissəsinə, Qabıllı və Şahtaxtı yaşayış məntəqələrinə təsərrüfat suyu nəql olunur. Həmçinin həmin anbardan “Qıvraq-1” Nasos Stansiyasının götürdüyü su “Qıvraq-2” Nasos Stansiyasına vurulur. Bu sudan isə Yurdçu, Qarabağlar və Xok kəndlərində istifadə edilir. Onu da qeyd edək ki, Yurdçu da 175,9 hektar sahədə qapalı suvarma sistemi tətbiq olunub və bu da su itkisinin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Yeri gəlmişkən, bu gün bölgədə bu sistemdən istifadəyə geniş yer verilir. Dəqiq desək, 2490,9 hektar sahədə bu sistem tətbiq olunub.
    Rayonda nasos stansiyaları da az deyil, onların işlək səviyyədə saxlanılmasına ciddi önəm verilir. Mənbəyini Araz çayından götürən Şahtaxtı və Yeni Böyükdüz, “Azərbaycan” Nasos Stansiyasından qidalanan Əzizbəyov, mənbəyini Uzunoba Su Anbarından alan 4 nömrəli nasos stansiyaları Xokun, Yeni Kərkinin, Çalxanqalanın, Xıncabın, Təzəkəndin, Böyükdüzün müəyyən ərazilərində əkinçiliyi və meyvəçiliyi inkişaf etdirməyə geniş imkanlar yaradılıb. Adıçəkilən sonuncu su mənbəyindən Xok və Böyükdüz yaşayış məntəqələrinə öz axını ilə də su nəql olunur.
    Hafiz Mehdiyev muxtar respublikamızda içməli və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasının zəruriliyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncamla imzalanmış Tədbirlər Planından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də bəhs etdi. Bildirdi ki, bugünkü durum su təsərrüfatı işçilərindən öz vəzifə borclarına ikiqat məsuliyyət hissi ilə yanaşmağı tələb edir.  Ona görə də həyata keçirilən tədbirlərin həcmi genişdir. İlk növbədə, bütün su mənbələrində, hidrotexniki qurğularda cari təmir işləri davam etdirilir. Bu günədək rayon ərazisindəki ara arxlarda, içməli su xətlərində, suvarma və təzyiqli boru xətlərində təmir aparılıb. 
    Su itkisinə yol verməmək üçün yerlərdə maarifləndirici tədbirlər davam etdirilir, su istehlakçılarına baş verəcək çətinliklərdən az itki ilə qurtarmaq üçün bu qiymətli sərvətdən səmərəli istifadə etməyin vacibliyi vurğulanır. Bu işdə Sudan İstifadə Edənlər Birliyi (SİEB) üzvlərinin üzərinə mühüm vəzifələr düşür. Qeyd edək ki, rayonda 6 belə birlik yaradılıb. Birlik üzvləri ictimai işlərdə fəallıq göstərən insanlardır. Onlar təmsil etdikləri yaşayış məntəqələrində maarifləndirici söhbətlər aparır, su bölgüsünə nəzarət edirlər. Su istehlakçıları da yaxşı dərk edirlər ki, təbiətin növbəti sınağından çıxmaq həm də onların özlərindən asılıdır. Bütün bunlar isə belə deməyə əsas verir ki, torpaq mülkiyyətçilərinin, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, ailə təsərrüfatlarının əlbir fəaliyyəti hesabına bu təsərrüfat ili də uğurla başa vurulacaq.

Muxtar MƏMMƏDOV
 

Nəşr edilib : 16.05.2023 18:19