AZ EN RU

Təsadüfün uğura apardığı yol...

Naxçıvanda fəaliyyət göstərən gənc tişə ustası haqqında eşitmişdik. Onun kimliyi ilə də maraqlanmışdıq. Bildiyimiz o idi ki, əslən Qərbi Azərbaycandan olan Elxan Zeynalov artıq bir ilə yaxındır ki, Naxçıvan şəhərində yaşayır və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində çalışaraq yaradıcılıq fəaliyyətini burada davam etdirir. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyib onun emalatxanasına üz tutaraq tişə ustasını daha yaxından tanımağa qərar verdik. Elxan müəllimlə söhbət zamanı öyrəndik ki, o,  heykəltəraşlığa təsadüfən gəlib. Belə ki, 5-ci sinifdə oxuyarkən Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinə gedir, 8-ci sinifdə isə rəssam Yusif Hüseynovun emalatxanasında rəssamlığın sirlərini öyrənməyə başlayır. Sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında böyük sənətkarlar onun müəllimləri olublar. Bakalavr təhsilini Xalq rəssamı Tokay Məmmədov, Əməkdar rəssam Azad Zeynalov, magistr təhsilini isə Xalq rəssamları Ömər Eldarov, Akif Əsgərov  və başqa dəyərli sənətkarlarımızdan alıb.

Bu gün də müəllimlərini minnətdarlıqla xatırlayan Elxan Zeynalov deyir ki, Azərbaycan professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf mərhələsinə qədəm qoymuşdur.  Daha dəqiq desək, milli heykəltaraşlığımızın əsas inkişafı 1930-1940-cı illərə təsadüf edir və Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlıdır. Fuad Əbdürrəhmanov hələ 30-cu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi. Firdovsinin “Şahnamə” poemasındakı surətlərdən biri “Ox atan gənc” fiquru buna gözəl nümunə ola bilər. Fuad Əbdürrəhmanovun “Nizami” abidəsi xüsusilə diqqətçəkəndir. Cəlal Qaryağdının yaradıcılığında “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad dağı yarır” qorolyefini xüsusi qeyd etmək lazımdır.

Elxan müəllimin sözlərinə görə, heykəltaraşlığın ilk və qədim xammalı gildir. Əvvəlcə gil hazırlanır, daha sonra isə qəlib texnikası ilə heykəlin qəlibi çıxarılır və heykəl sərt materiala köçürülür. Təbii ki, bürüncə də köçürülə bilər, yaxud müasir dövrdə başqa materiallara da müraciət olunur. Məsələn, polyester, poleretan və başqa materiallar da var. Və əlbəttə ki, işin materialı işin qiyməti üçün çox mühüm rol oynayır. Əvvəlcə yaradıcılıq baxımından işin qiyməti olur. Daha sonra onun köçürüldüyü material işin qiymətinə mühüm təsir edir.

“Sirr deyil ki, hər bir sənət adamının özünəməxsus dəst-xəti, özünəməxsus yanaşma tərzi və nəticə etibarilə,  öz yaradıcılığı olur”, – deyən müsahibimiz onu da vurğulayır ki,  təsviri sənət çox geniş bir sahədir. Bu sahəyə gətirilən yeniliklər onun dövründən də çox asılı olmuşdur. Məsələn, İtaliyada intibah dövrü, bir az irəli gəlsək, imperissionizm dövrü və hər bir dövrdən də asılı olaraq hər bir sənətkar o sahə üçün bir yenilik yaratmağa səy göstərmişdir.

Öyrəndik ki, onun ilk yaradıcılıq işi bakalavr diplom müdafiəsi üçün işlədiyi İmadəddin Nəsimi obrazı olub. Nəsimi əlləri bağlı halda edama gedərkən təsvir edilib. Daha sonra isə magistr diplom müdafiəsi üçün Milli Qəhrəman Allahverdi Bağırovun heykəlini hazırlayıb. Müəllif heykəldə  qəhrəmanımızın əzəmətli obrazını, onun insani keyfiyyətlərini, xilaskarlığını üzündə, duruşunda göstərə bilib. Daha sonra isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Polad Həşimovun, Çingiz Qurbanovun və başqa qəhrəmanlarımızın büst portretlərini yaradıb. Digər şəhidlərimizdən Bəxtiyar Hüseynov, Cəlil Cavadov, Həmid Cəfərli, Qəzənfər Məmmədov və başqa şəhidlərimizin büstləri dəyərli sənət əsərləridir. Bunlar içərisində İstiqlal Marşının görkəmli yazarı, böyük türk şairi və filosofu, türkün ən gözəl tərifini yazan Mehmet Akif Ersoyun da büstünü vurğulamaq gərəkdir.

Bu əsərlər Elxan müəllimin güclü vətənpərvərliyini də ortaya qoyur. Gələcəkdə də bu mövzuda əsərlər yaradacağını diqqətimizə çatdıran müsahibimiz deyir: –  Yaşadığımız dövr, hər bir sənətkarın  yaradıcılığına təsir edir. Mənim də yaşadığım dövr eləcə.  44 günlük Vətən müharibəsində qazandığımız Zəfər mənim yaradıcılığıma çox təsir etdi. Daha çox monumental heykəllər hazırlamışam və bu gün o heykəllər ayrı-ayrı yerlərdə qoyulub. Onu da deyim ki, hələlik, fərdi sərgim olmayıb. Düzü, fikirləşməmişəm bu haqda.

Düşünürəm ki, biz gənclər daha çox öyrənməliyik, araşdırmalıyıq, yaradıcılığa daha çox vaxt ayırmalıyıq. Bu zaman həm də özümüzə vaxt ayırmış oluruq. Öz sənətimizə bəslədiyimiz hörmət və yaxud da ki həsr etdiyimiz vaxt, əslində, bizim özümüzə bəslədiyimiz hörmət və həsr etdiyimiz vaxt olur. Hər bir rəssam, hər bir sənətkar cəmiyyətdə müşahidəçidir. Həmişə müşahidə qabiliyyətimiz olmalıdır. Hər sahədə müşahidələrimizi zənginləşdirməliyik.

Gələcək yaradıcılıq planları barədə danışan müsahibimiz deyir ki, daha çox abidələr, heykəllər və obrazlar hazırlamaq fikrindədir. Buna  görə də  çalışıram ki, hazırlayacağım heykəllər istər Azərbaycan üçün, istərsə də dünya üçün tanınmış şəxsiyyətlərə həsr olunsun.

Naxçıvan Dövlət Universitetindəki fəaliyyətini uğurla davam etdirən, sənətdə ilk uğurlarını qazanan, böyük sənətkarlar tərəfindən əsərlərinə yüksək qiymət verilən Elxan Zeynalov seçdiyi yolda özünəməxsus üslublarda yaratmağa üstünlük verir. İnanırıq ki, bu çətin yolda o, bundan sonra da gözəl əsərlər yaradacaq, Azərbaycan heykəltaraşlıq sənətinə öz töhfələrini verəcək.

 Aidə İBRAHİMOVA

Nəşr edilib : 13.06.2024 18:33