AZ EN RU

Təqvimin bu günü...

Tələbə-jurnalistlər, sizin üçün

 

Larri Kinq... Amerika televiziya tarixinin gəlib keçmiş ən məşhur simalarından biri, televiziya və radio aparıcısı. Larri Kinq əslində onun təxəllüsü idi, pasportdakı adı isə Lavrence Harveydir. Həyatı boyunca 40 mindən çox müsahibə aldı, 18 filmə çəkildi, 8 dəfə evləndi, 11 kitab yazdı, aldığı mükafatların sayı isə...

Dünyanın ən məşhur jurnalistləri belə, onu mübaliğəsiz “televiziya yayımçılığının Məhəmməd Əlisi” adlandırırdılar. Zarafat deyildi, CNN-də fasiləsiz, tam 25 il boyunca (həm də aparıcısı dəyişilmədən) “Larri Kinq” tok-şousunun aparıcısı oldu. Elə buna görə də Ginnes rekordlarına adını yazdırdı.  Onun qonaqları arasında kimlər yox idi ki, Corc Buş, Nelson Mandela, Madonna, Dalay Lama, Bill Qeyts və adlarını saymaqla bitməyən xeyli məşhurlar... Tok-şounun ən sonuncu qonağı Arnold Şvarsneqer olmuşdu. Söhbətlərində ən maraqlı müsahib kimi Bill Klintonun adını çəkmişdi, Trampla söhbətdə isə gözlənilməz “jestlərə” hazır olmaq lazım idi deyirdi, Putindən isə “Kursk” gəmisinin taleyini soruşanda... “o boğuldu” – cavabını almışdı. Və... bu əfsanəvi televizya aparıcısı 2021-ci il təqvimin bu günü – yanvarın 23-də koronovirus pandemiyasının tügyan etdiyi bir zamanda 87 yaşında Los-Angelsdəki xəstəxanada dünyasını dəyişdi.

Larri Kinq özündən sonra böyük bir məktəb qoyub getdi. Onun  “İstədiyiniz yerdə, hər kəslə necə danışmaq olar?”, “Mən burada nə edirəm? Jurnalist yolu“ kimi bir çox dillərə tərcümə olunmuş kitabları təkcə jurnalistika ixtisasında oxuyan tələbələr üçün deyil, ümumilikdə, medianı özünə həyat yolu seçmiş hər kəs üçün maraqlı və peşəkar mənbələrdir. Jurnalistikanın müsahibə janrına simpatiyası və bu işə peşəkar yanaşması Kinqin 350-dən çox dövlət və hökumət başçısı ilə söhbət etməsinə imkan vermişdi. Amma… amma bu reytinqi geridə qoyan başqa bir müasirimiz də var. Həm də Azərbaycandan, Bakıdan…

Mixail Qusmanı Azərbaycan auditoriyasına geniş şəkildə tədqim etməyə ehtiyac yoxdur. 1950-ci ildə Bakıda yəhudi əsilli ailədə anadan olan Mixail hazırda Moskvada (TASS xəbər agentliyinin baş direktorunun birinci müavini) yaşamasına baxmayaraq təpədən dırnağadək Azərbaycana, onun milli və mədəni dəyərlərinə bağlı insandır. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə tanıdılmasında, ölkəmizin haqlı mövqeyinin qonşu ölkənin bu informasiya agentliyində peşəkarcasına təbliğ edilməsində mühüm xidmətləri olan Mixail Qusman indiyədək dövlət başçısı cənab İlham Əliyev tərəfindən “Dostluq”, “Şöhrət”, ən son 2020-ci ildə isə “Şərəf” ordeninə layiq görülüb. Müsahibələrində dəfələrlə “Mən Moskvada yaşasam da, hər zaman özümü bakılı hesab edirəm”, deyən Qusman milliyəti ilə bağlı “etnik kökənim yəhudi əsilli olsa da, mən azərbaycanlıyam” sözlərini də fəxrlə səsləndirib. Ənənəvi olaraq dögum günlərini Bakıda qeyd etməyi sevən Mixail Qusmanı dünya mediasında ən çox tanıdan isə “Hakimiyyət formulu” verilişi oldu. Zarafat deyil, çoxsaylı ölkə rəhbərlərindən, hökumət başçılarından aldığı müsahibələrinin sayı Larri Kinqin aldıqlarından iki dəfə daha çoxdur! Bunu da Qusman özü etiraf etmişdi Leonid Velexova – “Azadlıq” radiosunun Moskva bürosunun baş redaktoruna. Velexov da onu təsadüfən “kralların və prezidentlərin həmsöhbətçisi” adlandırmamışdır. İngilis dilini yüksək səviyyədə bilməsi (Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun məzunudur) onu dünyanın ən iddialı siyasət adamları ilə söhbət aparmasına imkan vermişdir. Oğul Buşla müsahibəsi yayımlandıqdan sonra Rusiya Prezidenti Vladimir Putin şəxsən zəng edərək maraqlı proqrama görə təşəkkür etmişdi, Barak Obama ilə söhbətdən sonra isə ABŞ prezidenti ona daha bir neçə gün Amerikada qonaq qalmağı təklif etmişdi.

“Sizin üçün ən çətin və gərgin keçən müsahibə kiminlə olmuşdur?”-sualına cavabında, Qusman Müəmmər Qəddafinin adını çəkmişdi. “Nə qədər çalışsam da, mən o insandan yalnız neqativ enerji alırdım”- cavabını vermişdi. “Müsahiblərinizdən ən yaddaqalan obraz kim olub?”-sualına isə belə cavab vermişdir: “Dahi Heydər Əliyev!” 2002-ci ildə mən onunla görüşmək üçün yarım saatlıq vaxt ayırmağını xahiş etmişdim. Ancaq söhbət tam 3 saat çəkmişdi və mən yenə də bu söhbətdən doymamışdım.

Ulu öndərlə bağlı digər bir maraqlı fikri isə belə idi: “Heydər Əliyev çox fenomenal şəxsiyyət idi, onun siyasi düşüncə və bacarığı ilə müqayisədə Azərbaycan çox kiçik bir ölkə idi!”

Əziz tələbələr, XXI əsr dəyişikliklər əsridir. Təəssüf  ki, bir çox sahələrdə olduğu kimi mediada da yeniliklər bizdən kənarda baş verir. Bu gün “Facebook” bizə publik müzakirəni, “Whatsapp” vaxta qənaət etməyi, “Tvitter” az danışmağı öyrədir. Təkcə peşəkarlıqdan başqa. Peşəkarlığı isə sosial şəbəklərdə, ali təhsil müəssisələrində, teleradiolarda, redaksiyalarda öyrətmirlər. Ona özün nail olmalısan – oxuyaraq, öyrənərək, tətbiq edərək, bəzən də axına qarşı gedərək…

Peşəkarlıq bir sahədə uzun illər boyu işləmək deyil! Peşəkarlıq yüksək vəzifə daşımaq, ildə bir neçə dəfə heç kimə lazım olmayan kitablar nəşr elətdirmək də deyil. Peşəkarlıq çalışdığın sahəni incəliklərinə qədər bilmək, yenilikçi olmaq və ən əsası gördüyün işlərin insanlara, cəmiyyətə faydalı olmasıdır. Yəni, peşəkar peşəsinə karı (faydası) olanlardır. Bunun yolu isə öyrənməkdən keçir. Mən Larri Kinqi, Mixail Qusmanı jurnalistikanın etalonu kimi təqdim etməyə çalışmıram, amma reallıq odur ki, bu gün Amerikada, Avropada media sahəsində çalışanlar bu cür peşəkarları öyrənirlər. Peşəkarlar isə hər zaman var, bundan sonra da olacaq.

Hə, lap yadımdan çıxmışdı… 23 yanvar həm də Mixail Solomonoviçin doğum günüdür. Bakılı balasının…

PS: Jurnalist peşəkarlığı ilə bağlı daha geniş növbəti əqaləmizdə

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 23.01.2023 17:39