AZ EN RU

“Təqib və İzləmə” sisteminin təqdimatı keçirilib

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Baş Gömrük İdarəsinin, “T&T Texnologiyalar” şəbəkəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə “Təqib və İzləmə” (“Track and Trace”) sisteminin təqdimatı keçirilib.
    Təqdimatda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparat rəhbəri Emil Qarayev təqib və izləmə metodunun tətbiqini şərtləndirən məqamları diqqətə çatdırıb. Bildirib ki, bu sistem təchizat zəncirinin keyfiyyətini, səmərəliliyini və şəffaflığını artırmaqla yanaşı, məlumatların paylaşılması və istifadəsi üçün həllərin hazırlanmasına, təhlükəsizliyin və etibarlılığın artırılmasına geniş imkanlar açır.
     Qeyd olunub ki, “Təqib və İzləmə” sistemi istehsal prosesindən ən son istehlakçıya qədər məhsulun keçdiyi bütün yolu real vaxt rejimində izləmək imkanı verir. Sistem vasitəsilə ən çox üstünlük verilən satış nöqtələri və markalar analiz edilir, həmçinin istehsal və logistika imkanlarını optimallaşdırmaq mümkün olur, bu da, öz növbəsində, biznes xərclərinin azaldılması və mənfəətin artırılmasına şərait yaradır.
    “T&T Texnologiyalar” şəbəkəsinin əməkdaşı Teymur Məmmədov layihənin tətbiqində üstünlüklər, layihə iştirakçıları, “Təqib və İzləmə” sisteminin ümumi təsviri, marka nümunələri, iştirakçının və məhsulun sistemdə qeydiyyatı və başqa məsələlərlə bağlı işləmə mexanizmi barədə tədbir iştirakçılarına məlumat verib.
    Sonda sistemin muxtar respublikada vergi sistemində, eləcə də xaricdən idxal olunan aksizli malların gömrük prosedurlarında tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi 
Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 09.06.2023 18:46