AZ EN RU

TEPSCO şirkətinin direktoru Kojima Hideo: “Ağıllı şəhər”, “Ağıllı enerji”, təhlükəsiz enerji təminatı üçün böyük təcrübəmizi Azərbaycanla bölüşməyə çox şad olarıq”

Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Tokyo Electric Power Services Co., Ltd.” (TEPSCO) şirkətinin direktoru Kojima Hideo Naxçıvana səfər ediblər.  Səfər çərçivəsində qonaqlar Naxçıvan Günəş, “Arpaçay-1”, “Arpaçay-2” Su Elektrik stansiyaları, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar, rəsmi görüşlər keçiriblər. Onlar səfərin məqsədi, gələcək əməkdaşlıq əlaqələri ilə bağlı fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüblər.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi-  Bu mənim Naxçıvana üçüncü səfərimdir. Ayrı-ayrı fəsillərdə buraya gəlmək imkanım olub. Hər gəlişimdə böyük təəssüratlar əldə etmişəm, Naxçıvanın gözəlliyinə vurulmuşam. Bildiyiniz kimi, sabah burada yaşıl enerji zonası layihəsi üzrə böyük bir konfrans keçiriləcək. Yaponiyanın “Tokyo Electric Power Services Co., Ltd.” şirkəti ilə birgə mən də bu konfransda iştirak edəcəyəm. Gələcək əməkdaşlıq əlaqələri ilə bağlı isə onu deyə bilərəm ki, biz inarırıq ki, Yaponiya hökuməti müxtəlif sahələrdə Azərbaycana dəstək ola bilər. Energetika, sənaye, kənd təsərrüfatı sahələri üzrə öz təcrübəmizi bölüşə bilərik.

“Tokyo Electric Power Services Co., Ltd.” (TEPSCO) şirkətinin direktoru Kojima Hideo- Bu mənim Naxçıvana ilk səfərimdir. Naxçıvan iqtisadi-inkişafa doğru irəliləyən çox yüksək potensialı olan bir ərazidir. Sabah keçiriləcək 3-cü enerji forumunda iştirak etmək üçün dəvət almışıq. Şirkətimiz Tokyo elektrik enerjisi xidmətləri şirkətidir ki, artıq 30 ildən artıqdır Azərbaycanla əməkdaşlıq edir. Gələcəkdə də yaşıl enerji zonası layihələrində iştirak üçün biz yaxından maraqlanırıq. Bundan əlavə “Ağıllı şəhər”, “Ağıllı enerji”, təhlükəsiz enerji təminatı üçün böyük təcrübəmizi Azərbaycanla bölüşməyə çox şad olarıq.

Nail ƏSGƏROV

Nəşr edilib : 28.09.2023 18:00