AZ EN RU

Təndir çörəyinin ətri də, bərəkəti də geri qayıdır

    Adətlərimiz bizləri yaşadan, soy-kökümüzü göstərən milli kimlik vəsiqəmizdir, – desək, yanılmarıq. Milli məişət element­lərimizdən biri olan mətbəx mədəniyyətimizdən, qədim yaşayış tərzimizdən soraq verən təndirlər isə hər zaman bir elin-obanın xeyir-bərəkət, ruzi rəmzi sayılıb, həm də həmin eldə-obada həyat nişanəsi, yaşayış vasitəsi hesab edilib. Uzaqdan, bacadan çıxan təndir tüstüsünün görünməsi o deməkdir ki, o kəndin eli-ulusu yerindədir, burada yaşayış var, həyat davam edir. 

    Təndirlərdə bişirilən çörəyin dadı, ləzzəti fərqli olduğu kimi, onun ərsəyə gəlməsi  də səbir və işgüzarlıq tələb edir. Xüsusi yardım istəyən bu iş həm də bir el birliyi rəmzi sayılıb. Belə ki, çörək bişirilən həyətdə, adətən, yaxın qonşular təndir başında bir araya gələr, hərə bir işə əl atdığından ev sahibi təndirin nə vaxt qalandığını, çörəyin nə vaxt bişirildiyini, bir sözlə, işin ağırlığını hiss etməzdi. Təndir başı həm də insanların canlı və səmimi ünsiyyət məskəni idi. Burada çalışanlar bir ailə üzvü kimi deyə-gülə, səmimi, mehriban söhbət edər, bir süfrənin başında iştaha ilə nahar edər, sonda da ev sahibinin isti təndir çörəyindən verdiyi sovqatı  götürər və ya özləri ilə gətirdikləri xəmirdən  tələbatları qədər bişirdikləri çörəklərini aparardılar.
    Təndirə od salınanda, adətən, xəmir kündələnir ki, təndir qızışana qədər xəmir də yaxşıca acısın. Təndir tam ağarıb qurtardıqda həddindən artıq isti və ya qızmar olduğundan çörək yapmaq üçün bir az gözləmək lazım gəlir ki, yapılan çörək küt getməsin. 
    Təndir çörəyi bişirilən məhəllənin yanından ötüb keçən hər kəs onun xoş ətrindən məst olur. Adətə görə, təndirdən çıxan ilk çörəyi uşaqlara, evin qonağına verərlər. Belə deyirlər ki, bu həmin evə xeyir-bərəkət, ruzi gətirər. Ümumiyyətlə, isti təndir çörəyinin dadına görə tayı-bərabəri yoxdur. Onu da qeyd edək ki, milli mətbəximizdə təndirdən təkcə çörəkbişirmək üçün istifadə olunmur, təndirdə həm də müxtəlif xörəklər bişirilir. Təndir çörəyi kimi, təndir kababı, təndir ləvəngisi, təndir külləməsi, təndir qovurması da öz dadı və ləzzəti ilə hər zaman adla deyilib. Ümumiyyətlə, Azərbaycan mətbəxində təndir, kürə, buxarı, külfə, sac, manqal və digər ocaq növlərinin məxsusi yeri vardır.
    Zaman dəyişdikcə ənənələrimizin bəziləri tarixin yaddaşına köçməkdədir. Axı bir zamanlar nənələrimiz təndirdən təzə çıxan ilk çörəyi bıçaqla yox, eləcə əllə kəsib yoldan ötənləri qonaq ediblər, qonaq-qaraya, qonum-qonşuya pay tutublar, qollarını çırmalayıb qonum-qonşuya toy çörəyi yapıblar. Doğmasını, ailə üzvünü qəfil itirən ev sahibi yas mərasimində veriləcək ehsan üçün yaxın qohumların, qonşuların yığışıb nə vaxt çörək yapdıqlarını hiss etməyib. Təəssüf ki, son zamanlar Naxçıvanda, demək olar ki, təndirdə çörək bişirilmədiyi üçün bu adətlər də unutdurulmuşdu.
    “Bizdən alın, razı qalın!..” Vaxtilə muxtar respublikada ləziz təndir çörəyi bişirməklə məşğul olanlar bu ifadəni ürəklə işlətmək üçün uzun zaman gözləməli olublar. Xüsusilə muxtar respublikanın rayon və kəndlərində insanların qarşısına qoyulan əsassız məhdudiyyətlər onların çoxunu bu sahədən uzaqlaşdırıb. Belə hallarla üzləşən təkcə sahibkarlar, iş adamları yox, eyni zamanda sadə vətəndaşlar da olub. Naxçıvanda çoxları adət-ənənəmizə, milli mədəniyyətimizə xas olan və özünəməxsus yer tutan təndir çörəyini bişirmək arzusunda olsa da, bu onlara qismət olmayıb. Nə qədər qəribə səslənsə də, bunun səbəbi təndir bacasından çıxan tüstünün kəndin “atmosferini korlamasıdır”. 
   Bu gün isə artıq kəndlərimizdə bir çox ailələr muxtar respublikada insanların rahatlığı üçün yaranan fürsəti dəyərləndirib artıq rahat şəkildə ənənələrimizi yaşatmağa başlayıb. 
    Bir vaxtlar təndir çörəyi adla tanınan Sədərək rayonundayıq. Sədərək kənd sakini Mehbarə Hüseynova deyir ki, ailə təsərrüfatçısı olmasına baxmayaraq, təndirdə çörək bişirməsinə icazə verilmirdi: “Uzun illərdir, ailə təsərrüfatı ilə məşğul oluram və muxtar respublikada keçirilən bir çox festivallarda iştirak etmişəm. Analarımızdan, nənələrimizdən bizə miras qalan, ənənəmizə xas olan təndir adətləri var. Əvvəllər, gördüyünüz bu məhəllədə hamı bir təndirəsərə toplaşar, çörək bişirərdi, həmin gün bizlər üçün bayram olardı. Lakin sonradan kəndlərdə təndirdən istifadəyə qadağa qoyulmaqla bu adət-ənənə zorla unutduruldu. Bəhanə gətirildi ki, təndirin tüstüsü ətraf mühiti korlayır, tələbatı ödəmək üçün isə çörək sexləri fəaliyyət göstərir. Halbuki bu, ənənəyə zidd bir addım idi. Artıq çörək bişirə bilmədiyimiz üçün məcbur olub mağazalardan çörək alırdıq. Təbii ki, həmin çörəklər min bir zəhmət və həvəslə təndirdə bişirdiyimiz çörəklərin ətrini, dadını vermirdi, keyfiyyətcə aşağı olurdu. Son zamanlarda baş verən məlum hadisələrdən sonra artıq rahat şəkildə təndirimizi yandıra, çörəyimizi bişirə bilirik”.
    Nazilə Əliyeva isə deyir ki, vaxtilə kənd camaatı bir yerə yığışaraq həm çörək bişirir, həm də bir-biri ilə hal-əhval tuturdu. Tətbiq edilən “qaydalar”dan sonra bəzən aylarla qonşularımızı görmürdük. Bu həm də insanlar arasında soyuqluq yaradırdı. Hətta bəzi insanlar təndirlərini doldurub, ləğv ediblər. İndi isə artıq rahat şəkildə təndirdə çörək bişirə bilirik. Kimsə gəlib tüstünün çıxmasına görə bir söz demir.
    Kənd sakini Röya Abbasova isə deyir ki, hər təndirin dilini öz sahibi bilər: “Təndirlər müxtəlif olur. Burada çörək bişirmək bir qədər çətin və ustalıq tələb edən işdir. Bunu hər adam bacarmır. Zaman keçdikcə bu ənənə ləğv olunmuşdu, daha doğrusu, bizim təndir başında toplanmağımız qadağa idi. Səbəbi əsassız olsa da, deyirdilər, tüstü ekologiyanı korlayır. Biz də məcbur olub təndirdə çörək bişirməyi tərgitmişdik, mağazadan alırdıq”.
    Muxtar respublikamızda təndir salmaq bir mədəniyyət kimi formalaşıb və qədimdən gələn bir milli element kimi yaşadılıb. Hətta təndir salınanda onun ilk közündə bişən çörəyə “tətərəz”, sonra bişirilənə “lavaş”, közündə bişənə isə “küt lavaş” deyərdilər. Vaxtilə təndirdə bişirilən Novruz şirniyyatları – içli çöçə, şirin çörək, dastana, qoğal və digər unlu və şəkərli qənnadı məmulatlar dadı ilə ağzımızın ləzzəti, görünüşü ilə süfrələrimizin bəzəyi olub. 
    Müasir dövrümüzdə digər sahələr kimi, çörək istehsalı prosesində də yeni texnologiyalarının tətbiq edilməsi, təbii ki, xanımlarımızın əl əməyini yüngülləşdirməklə onların rahatlığını təmin edib. Əhaliyə müxtəlif çeşiddə çörək və şirniyyat növləri təqdim edən sexlər, zavodlar fəaliyyət göstərir. Lakin bu da məlumdur ki, təndirdə bişirilən Naxçıvan lavaşının, çörəyinin dadına və keyfiyyətinə söz ola bilməz. Lakin tüstüsü “göz çıxarır” deyə (?!) qədim adət-ənənəmizdən vaz keçməli, evimizə gələn əzizlərimizi öz əlimizlə bişirdiyimiz isti təndir lavaşına, yağlı fətirə qonaq etmək zövqündən məhrum olmuşduq. Sevindirici haldır ki, muxtar respublikada bir çox problemlərin həllinə işıq salan, sakinlərin haqlı giley-güzarlarına son qoymaqda olan son hadisələr itib-batmaqda olan təndir mədəniyyətinin də bərpa olunmasına yol açdı. Artıq öz halal çörəyimizi öz təndirimizdə el adətincə bişirib ətrinə və dadına doya-doya nuş edə bilirik! Hər kəsə bərəkətli olması diləyi ilə.

Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 21.01.2023 22:53