AZ EN RU

Televiziya və radioların peşəkarlıq fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasında sentyabr ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılıb, onların fəaliyyətləri təhlil edilib. Qeydə alınmış çatışmazlıqlar teleradiolara bildirilib. Şura tərəfindən Naxçıvan radiosunda və “Naxçıvanın səsi” radiosunda ədəbi dil normalarının qorunması diqqətdə saxlanılıb, bununla bağlı monitorinqlər aparılıb.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası teleradioların efirində mütəmadi olaraq işıqlandırılıb. Hesabat dövründə Naxçıvan televiziyasında Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə  həsr olunmuş 10 telematerial hazırlanıb.
    Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində genişmiqyaslı toqquşmaların baş verməsilə əlaqədar Naxçıvan televiziyasında proqram siyasətinə dəyişikliklər edilib. Həmin tarixlərdə televiziyada İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş, sənədli filmlər, verilişlər, videoçarxlar nümayiş etdirilib.
    Hesabat dövründə yaddaqalan verilişlər sırasında “Günün tələbi”,“Bərəkət”, “İqtisadiyyat”, “Aktual ekran”, “Səhnəmizin incisi”, “Yaradanlar və yaşadanlar”, “Gəz sən Naxçıvanı”, “Yeni nəşrlər”, “Öncə sağlıq”, “Şərəfli yolun yolçuları” telelayihələrinin adlarını çəkmək olar. 
    Naxçıvan radiosu bəhs edilən dövrdə 472 saat efirdə olub. Ümumi efirin 46 faizini radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar, 54 faizini isə konsert proqramları və digər hazır materiallar təşkil edib. Ümumilikdə, ay ərzində  98 veriliş və canlı proqram, 379 konsert proqramı təqdim olunub. 
    “Kanal 35” televiziyası sentyabr ayında fəaliyyətini həftəlik proqram əsasında qurub. Hesabat ayında “Müəllimlərin STEAM yay məktəbi”, “Naxçıvan təhsili. Müstəqillik illərində” adlı verilişlər hazırlanaraq efirə yayımlanıb. Televiziyada maarifləndirici və məlumatlandırıcı 316 videomaterial efirə təqdim olunub ki, bu da efirin 83,2 faizini təşkil edib. 
    Bəhs edilən dövrdə “Naxçıvanın səsi” radiosu 472 saat efirdə olub və efir müddətinin 111 saatını canlı yayım proqramları təşkil edib. Radioda dinləyicilərin dünyagörüşünü və biliklərini daha da təkmilləşdirmək üçün audioçarxlar da  efirə təqdim olunub. 
    Naxçıvan Dövlət Universiteti Televiziyası sentyabr ayının 15-dən etibarən yenidən yayım fəaliyyətinə başlayıb. Universitetin müasir standartlara cavab verən Tibb fakültəsi və xəstəxanasının fəaliyyətindən bəhs edən “Sağlam həyat” verilişi aktuallığını qorumaqdadır. “Qonağımız var”, “Maraqlı qonaq”, “Dünya universitetləri” verilişlərində ali təhsil ocağının peşəkar müəllim kollektivi ilə maraqlı söhbətlər aparılıb, beynəlxalq səviyyədə tanınan universitetlər haqqında məlumatlar işıqlandırılıb. 
    “Nuhçıxan” radiosunda ay ərzində yayımlanan və magistr təhsilinin əhəmiyyətini vurğulayan “Müasir dövrdə magistr təhsili”, kitab mütaliəsini aşılayan “Dünyanı kitablardan öyrənək”  proqramları və ədəbi-bədii profilli “Dünya ədəbiyyatından incilər” verilişi maraqla qarşılanıb. 

Naxçıvan Muxtar Respublikası  
Televiziya və Radio Şurası

Nəşr edilib : 12.10.2022 19:02