AZ EN RU

Teleradioların yayım keyfiyyəti yüksəldilib

    Ötən ay Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası tərəfindən aparılan monitorinqlər nəticəsində aşkar edilən nöqsanlar operativ şəkildə teleradiolara bildirilib və aradan qaldırılıb. 
    Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasında aparılan yenidəqurmadan sonra köçürülmə işləri ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında teleradioların fəaliyyətinin müvəqqəti dayandırılması üçün fevralın 20-də Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi tərəfindən şuraya məlumat daxil olub. Həyata keçirilən tədbirlərə görə Naxçıvan televiziyasının və radiosunun, “Kanal 35” televiziyasının, “Naxçıvanın səsi” radiosunun yayımı fevralın 22-də saat 0930-dan etibarən dayandırılıb, Naxçıvan televiziyasının efiri həmin gün saat 2030-da bərpa edilib. “Kanal 35” televiziyasının və Naxçıvan radiosunun yayımı fevralın 23-də saat 1000-da bərpa olunub. Ötən ay “Naxçıvanın səsi” radiosunun yayımı isə müvəqqəti olaraq 41-ci kanalda davam etdirilib. 
    Hesabat dövründə Naxçıvan televiziyasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin iştirak etdiyi tədbirlərlə bağlı, ümumilikdə, 8 telematerial efirə verilib. Fevral  ayında verilişlərin növbəti 74 sayı nümayiş etdirilib. Hesabat ayında televiziyada vətənpərvərlik mövzusu diqqətdə saxlanılıb. “Heydər Əliyev İli” münasibətilə Ümummilli Lider Heydər Əliyevin arxivlərdə qorunan unikal kadrları ölkə miqyasında ilk dəfə olaraq Naxçıvan televiziyasında təqdim edilib. Bundan başqa, müstəqillik dövründə ilk dəfə olaraq redaksiyanın müxbirləri azad olunmuş ərazilərə, Şərqi Zəngəzur iqtisadi rayonuna ezam olunub, canlı yayımlara geniş yer verilib, Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan maraqlı reportajlar nümayiş etdirilib. Həmçinin Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların təşkil etdiyi etiraz aksiyasından reportajlar və süjetlər yayımlanıb.
    Vurğulayaq ki, fevralın 6-da qardaş Türkiyə Cümhuriyyətinin 11 vilayətini əhatə edən dəhşətli zəlzələ ilə bağlı Naxçıvan televiziyası da nümunəvi addım atıb, əyləncəli proqramlar yayımdan çıxarılıb. 
    Naxçıvan radiosu bəhs edilən dövrdə 448 saat efirdə olub. Ümumilikdə, ay ərzində  99 veriliş və canlı proqram, 331 konsert proqramı təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası
 Televiziya və Radio Şurası

Nəşr edilib : 28.03.2023 20:29