AZ EN RU

Teleradioların monitorinqi davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən 2022-ci ilin noyabr ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılmış, fəaliyyətləri təhlil edilmiş, müəyyən  nöqsanlar qeydə alınmışdır. Müşahidə edilən nöqsanlar operativ şəkildə teleradiolara bildirilmiş və aradan qaldırılmışdır. 
    Naxçıvan Muxtar Respublikası Ali              Məclisinin Sədri tərəfindən imzalanmış fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası teleradioların efirində mütəmadi şəkildə işıqlandırılmışdır. 
    Hesabat dövründə Naxçıvan televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə  həsr olunmuş 7 telematerial hazırlanmışdır. Noyabr ayında verilişlərin növbəti 100 sayı efirə təqdim olunmuşdur. 25-i İctimai-siyasi məsələlər  redaksiyası, 10-u Təhsil və sosial məsələlər redaksiyası, 25-i Ədəbi-bədii verilişlər və müəllif proqramları redaksiyası, 31-i Səhər proqramı və musiqi verilişləri  redaksiyası, 9-u Uşaq, gənclər və idman redaksiyası tərəfindən hazırlanmışdır. 
    Naxçıvan radiosu bəhs edilən dövrdə 472 saat efirdə olmuşdur. Ümumi efirin 43 faizi radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar, 57 faizi isə konsert proqramları və digər hazır materiallardan ibarət olmuşdur.  Ümumilikdə, ay ərzində 99 veriliş və canlı proqram, 344 konsert proqramı təqdim edilmişdir.  Təqdim edilən verilişlər muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən yeniliklər, ədəbi-bədii, xüsusi günlər, gənclik-idman, uşaqlar, səhiyyə, təhsil, hüquqi maarifləndirmə və digər mövzularla bağlı olmuşdur.
     Hesabat dövründə “Kanal 35” televiziyasının fəaliyyəti yaxından izlənilmiş, televiziyada yayımlanmış veriliş və rubrikalar diqqətdə saxlanılmışdır. Noyabr ayında təhsil sahəsindəki yenilikləri diqqətə çatdıran televiziya günün nəbzini tutmağı bacarmış, ucqar dağ kəndində istifadəyə verilən məktəblərdən  reportajlar hazırlanmışdır. 
    Bəhs edilən dövrdə “Naxçıvanın səsi” radiosu 472 saat efirdə olmuş və efir müddətinin 124 saatını canlı yayım proqramları təşkil etmişdir. Ümumilikdə, ay ərzində efirin 26 faizini, canlı proqram və verilişlər 60 faizini milli musiqilər, 3,7 faizini xəbərlər proqramı təşkil etmişdir. Təhsil profilli verilişlər canlı proqramların 22 faizini təşkil etmişdir. 
    Noyabr ayında şura tərəfindən hazırlanmış monitorinq nəticələrində qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Naxçıvan Dövlət Universitetinin televiziyasında müəyyən işlər aparılmış, bir sıra yeniliklər müşahidə edilmişdir. Öncə onu qeyd edək ki, studiya verilişləri üçün hazırlanan virtual studiyaların bayağı tərtibatı aradan qaldırılmış, əvəzində yeni, studiya verilişlərində mövzuya uyğun virtual studiyalardan (RP-lərdən) istifadə olunmuşdur.  Həmçinin verilişlərin giriş blokunda yeniliklər – mövzu ilə səsləşən və göz­oxşayan veriliş blokları diqqəti cəlb etmişdir. Həmçinin televiziyada əlamətdar və tarixi günlər diqqətdə saxlanılmışdır, doğum və anım günləri  olan şəxsiyyətlərə həsr olunmuş verilişlər və əlamətdar günlərlə əlaqədar materiallar yayım cədvəlinə daxil edilmişdir. “Nuhçıxan” radiosu hesabat dövründə bir qədər aktivləşmiş, bir sıra maraqlı verilişlər hazırlanmışdır. 

Naxçıvan Muxtar Respublikası
 Televiziya və Radio Şurası

Nəşr edilib : 06.12.2022 19:12