AZ EN RU

Tələbələrlə görüş keçirilib

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ümumtəhsil məktəblərini bitirərək 2023-2024-cü tədris ilində ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirib. Görüşdə tələbə adını qazanan 17 sağlamlıq imkanları məhdud və 3 valideyn himayəsindən məhrum şəxs iştirak edib.
    Tədbirdə Komitə sədri tələbə adını qazananları təbrik edərək bildirib ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq və gənclər siyasəti çoxşaxəli inkişaf perspektivlərinə əsaslanır. Uğurlu dövlət siyasətinin səmərəli nəticəsidir ki, sağlamlıq imkanları məhdud övladlarımız cəmiyyətə sosial inteqrasiya olunur və sevindirici haldır ki, onlar tələbə adını qazanıblar. Bununla yanaşı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar da hərtərəfli dövlət qayğısı ilə əhatə olunaraq sosial müdafiələrinin gücləndirilməsi istiqamətində addımlar atılır. 
    Tələbə adını qazanan gənc­lərdən valideyn himayəsindən məhrum Arzu Hüseynova, valideynlər adından Qulu Məmmədov çıxış edərək dövlətimizə minnətdarlıqlarını bildiriblər.
    Sonda tələbələrə hədiyyələr təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
mətbuat xidməti

Nəşr edilib : 18.09.2023 19:41