AZ EN RU

Tələbələrlə görüş keçirilib

        16 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ümumtəhsil məktəblərini bitirən        2023-2024-cü tədris ilində ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirib. Görüşdə tələbə adını qazanan 17 sağlamlıq imkanları məhdud və 3 valideyn himayəsindən məhrum uşaq iştirak edib. 
      Tədbirdə Komitə sədri tələbə adını qazanan uşaqları təbrik edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq və gənclər siyasəti çoxşaxəli inkişaf perspektivlərinə əsaslanır. Gələcəyimiz olan uşaq və gənclər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onların hüquq və sağlamlıqlarının qorunması, bilik və bacarıqlarının artırılması, milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması daim dövlətin diqqətində saxlanılır, bu istiqamətdə davamlı və məqsədyönlü sosial tədbirlər həyata keçirilir. Uğurlu dövlət siyasətinin səmərəli nəticəsidir ki, sağlamlıq imkanları məhdud uşaqlarımız cəmiyyətə sosial inteqrasiya olunur və sevindirici haldır ki, onlar tələbə adını qazanıblar. Bununla yanaşı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar da hər tərəfli dövlət qayğısı ilə əhatə olunaraq sosial müdafiələrinin gücləndirilməsi istiqamətində addımlar atılır. Qeyd edilib ki, Komitə tərəfindən mütəmadi olaraq uşaq hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqlər keçirilir, onların problemlərinin həlli istiqamətində işlər görülür. Komitə sədri tələbə adını qazanan uşaqlarla tək-tək səmimi söhbət apararaq tələbələrə öz tövsiyələrini verdi. 
      Sonda Komitə sədri tələbə adını qazanaraq müstəqil həyata doğru addımlayan uşaqları bir daha təbrik edərək onlara özünüinkişaf və karyera yolunda yeni üfiqlər, şəxsi və akademik həyatlarında davamlı uğurlar arzuladı. 
       Tələbə adını qazanan gənclər adından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin beynəlxalq münasibətlər ixtisasına qəbul olan valideyn himayəsindən məhrum Arzu Hüseynova çıxış edərək uğur qazanmasında dövlətimizə və müəllimlərinə təşəkkürünü bildirdi. Valideynlər adından Qulu Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
       Tədbirin sonunda tələbə adını qazanan uşaqlara Komitə tərəfindən hədiyyələr təqdim olundu. 

Nəşr edilib : 16.09.2023 13:28