AZ EN RU

Tələbələrlə görüş

    Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirilib. 
    Ali təhsil müəssisəsinin rektoru, dosent Elbrus İsayev görüşdə çıxış edərək fakültənin mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar, bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, yaradılan Robotexnika, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisasları da bu sahədə mütəxəssislərin yetişməsi istiqamətində atılan mühüm addımdır. Rektor bildirib ki, universitetdə beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində əhəmiyyətli işlər görülüb, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması sahəsində mühüm addımlar atılıb. Ali təhsil ocağının genişmiqyaslı imkanlarından söz açan rektor universitetin bir neçə sahədə ölkə miqyasında model universitet olduğunu vurğulayıb. Bildirilib ki, tədris imkanlarını artırmaq məqsədilə universitet ərazisində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Vurğulanıb ki, dünya universitetlərində olan Texnopark ənənəsi Azərbaycanda ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində davam etdirilərək kampusda Texnologiyalar Parkı yaradılır. “Texnoparkın qazandıracağı perspektivlərə əsasən Türkiyə universitetləri ilə bu sahədə təcrübələrin öyrənilməsi davam etdirilir və əməkdaşlıq protokolları imzalanır”, – deyə rektor çıxışında vurğulayıb.
    Elbrus İsayev qarşıda duran həllivacib məsələlər sırasında universitetdə ikili diplom layihələrinin həyata keçirilməsinin də nəzərdə tutulduğunu qeyd edib.
    Rektor tələbələri maraqlandıran sualları cavablandırıb, onlara kitablar hədiyyə edib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 22.12.2022 21:14