AZ EN RU

Tələbələrin yaddaqalan Şuşa xatirələri

    Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Şuşa tələbələrin gözü ilə” layihəsi başa çatıb. Qürurvericidir ki, bu tədbirdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələri də iştirak ediblər.

    Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalov deyir ki, müzəffər Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımıza qayıdış prosesi Qarabağın incisi olan Şuşada və ətraf ərazilərdə geniş vüsət almağa davam edir. 3-5 sentyabr tarixlərdə adıçəkilən təşkilatların təşəbbüsü ilə nəzərdə tutulmuş layihənin reallaşdırılmasında məqsəd müəyyən kriteriyalar əsasında seçilmiş gənclərin ölkəmizdə gedən proseslərlə yaxından tanışlığı, eyni zamanda tələbələrin Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsi idi.  Bu mənim  Şuşaya ilk səfərim olmasa da, ilk təəssüratımda keçirdiyim hisslər yenə də təkrar olunurdu. Zəfər yolu ilə hərəkət etdikcə anlayırdım ki, bu heç də gün boyu getdiyimiz ünvana çatdıran adi, sadə yol deyil. Bu yol qanla çəkilib. Şəhid və qazilərin qanı ilə. Yəqin ki, Şuşa həm də buna görə müqəddəs hesab olunur. 
    Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Məhəmməd Ramazanovun dediklərindən: – Layihədə iştirak etmək üçün, ilk növbədə, qeydiyyatdan keçdik, sonra isə bizimlə görüntülü əlaqə saxlayıb, Şuşa haqqında olan biliklərimiz yoxlanıldı. Seçildiyimi eşidən zaman çox sevindim, çünki Şuşanı görmək uşaqlıq arzum idi. Füzulidən başlayan yolumuzda ətrafda düşmənin viran qoyduğu dağınıq evlər görünürdü. Buna baxmayaraq, şəhərdə quruculuq işlərinin aparılması hər birimizi sevindirirdi. Şuşaya gedərkən yolların, həqiqətən də, çətin olduğu görünürdü, Azərbaycan igidlərinin sıldırım qayalardan dırmaşaraq Şuşanı necə azad etdiyini düşündükdə insan, həqiqətən də, heyrətə gəlirdi. Biz ilk olaraq Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini, sonra tarixi Natəvan bulağını ziyarət etdik, Şuşaya gəlib bu sudan içməmək mümkünsüz olardı. Şuşa qalası hər birimizdə dərin təəssüratlar yaratdı. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin Prezident cənab İlham Əliyevin tapşırığına əsasən təmir-bərpa və yenidənqurma işlərinin görülməsindən sonrakı görkəmi ölkə başçısının mədəni irsimizə böyük qayğısının ifadəsi kimi hər birimizi sevindirdi. Şuşadan böyük qürur hissi ilə geri qayıtdıq. Şuşadan geri döndüyümüz zaman içimdə, sadəcə, bu sözlər var idi: “Əziz Şuşa, sən azadsan!” 
    Hüquqşünaslıq ixtisasının tələbələrindən Elmir Quliyev deyir: – Şuşaya gedərkən yolda bütün gənclərin gözlərində müşahidə etdiyim sevinci təsəvvür edirsinizmi? İşğaldan azad olunmuş ərazilərə keçmək üçün posta daxil olduqdan sonra erməni vandalları tərəfindən dağıdılmış Füzuli rayonunu gördükdə, 1990-cı illərdə orada alınan canları düşündükdə və həmçinin 2-ci Qarabağ müharibəsində verdiyimiz şəhidlərimiz ağlıma gəldikdə ürəyimdə ermənilərə daha da böyük nifrət yaranırdı. Arzum budur ki, bir daha Şuşaya və həmçinin Qarabağın digər bölgələrinə öz işində ixtisaslaşmış bir hüquqşünas olaraq gedib orada yaşayan insanların hüquq və azadlıqlarını müdafiə edim.
    Hüquqşünaslıq ixtisasının 5-ci kurs tələbəsi Züleyxa Tamarova söhbət zamanı dedi: 
    – Uşaqlıqdan bəri 1-ci Qarabağ müharibəsi qazisi olan atamın uğrunda döyüşdüyü torpaqları görmək mənim ən böyük arzum idi. Şuşaya yaxınlaşdıqda ətrafdakı təbiətin, yolların gözəlliyi məni valeh etmişdi. Yüksəklikdə dalğalanan Azərbaycan Bayrağını gördükdə duyğulanıb qürurlanmamaq mümkün deyildi.
    Şuşanı gəzərkən buranın azad olunması uğrunda canlarından keçən, sağlamlığını qurban verən igid döyüşçülərimizin nəfəsini sanki hiss edirdik. Bu isə bütün gənclərin ruhunda vətənpərvərlik hissi oyadırdı. Şuşanın, həmçinin Qarabağın azad olunması üçün var gücü ilə çalışmış Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevə, bütün qəhrəman Azərbaycan xalqına, öz canını bu Qələbədə qoymuş, böyük şücaət göstərən Azərbaycan əsgərinə və bizim buraya gəlməyimizə vasitəçi olmuş Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqına öz dərin minnətdarlığımı bildirirəm.
    Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tədrisi ingilis dilində olan Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Nilufər Cəfərli: – Bu günlərdə sosial şəbəkələrdə izləyicisi olduğum Azərbaycan Gənclər Fondunun “Şuşa tələbələrin gözü ilə” adlı layihəsi ilə qarşılaşdım və layihədə iştirak etmək üçün onlayn qaydada qeydiyyatdan keçdim. Qısa müddətdə layihədə iştirakım təsdiqləndi və mən Şuşa şəhərinə səfər etmək arzumun reallaşacağı sevincini yaşamağa başladım. Azad olunduqdan sonra Azərbaycan Prezidentinin Şuşaya dəfələrlə səfər etməsi, 2021-ci il iyunun 15-də burada Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, 2022-ci ili “Şuşa ili” kimi qeyd etməyimiz, bu şəhərdə artıq xeyli beynəlxalq və ölkə miqyaslı tədbirlərin keçirilməsi Şuşanı bütün dünya azərbaycanlılarının dillər əzbərinə çevirib.
    Şuşa yalnız bir şəhər kimi özünəməxsus gözəlliyə malik deyil, şəhər və şəhərətrafı yamyaşıl meşələri ilə, gözəl təbiət mənzərələri ilə, əsrarəngiz təbiəti ilə məni və bütün səfər iştirakçılarını valeh etdi. Gəzintimiz Şuşamızın öz əzəməti ilə bizi bir anlıq özünün 270 illik tarixinə səyahətə aparan məşhur Qala qapılarından başladı. 30 illik işğaldan sonra Cıdır düzündə biz Qarabağın tərtəmiz, azadlıq qoxan havasını doyunca sinəmizə çəkdik, bütün Qarabağın gözlə görünən təbii gözəlliklərinə tamaşa etdik. Bu il sentyabrın üçü mənim həyatıma, belə demək mümkünsə, “Şuşa günü” kimi daxil oldu. 
    Tələbələrin Şuşa haqqındakı xatirələrini dinlədikcə  3 il bundan əvvəl qazandığımız qələbəni və bu torpaq uğrunda canından keçən igidləri yada salıram. Deyirəm ki, ruhunuz şad olsun, igidlər. Siz öz canınızı Vətən torpağına qurban verib biz gənclərə bütöv Azərbaycanı hədiyyə etdiniz. Biz gənclər də sizin bizə əmanət etdiyiniz Şuşalı, Laçınlı, Ağdamlı bütöv Vətəni göz bəbəyimiz kimi qoruyub, özümüzdən sonrakı nəslə ərməğan edəcəyik. 

 Bülbül Quliyeva

Nəşr edilib : 07.09.2023 17:50