AZ EN RU

Tələbələrin tikmə sənətinə aid əl işlərindən ibarət sərgi

    Naxçıvan Dövlət Universitetində “Xalça naxışları tikmələrdə” adlı sərgi keçirilib. Sərgidə Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan III və IV kurs tələbələrinin müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallardan istifadə edərək tikmə üsulu ilə hazırladığı əlliyə yaxın sənət əsəri nümayiş olunub. Milli xalça elementlərinin üstünlük təşkil etdiyi əl işlərində təkəlduz, güləbətin və muncuqlu tikmə üsulundan geniş istifadə edilib. Keçə və parça üzərinə salınan zərif və rəngarəng tikmələr tarixi ənənələrə malik olan Azərbaycan tikmə sənətinin estetik mahiyyətini və bu qədim məşğuliyyətin incəliklərini göstərmək baxımından təqdirolunasıdır.
    Sərgidə tikmələrlə yanaşı, gipsdən hazırlanaraq boyanmış dəvə fiqurları, xalça rəsmləri ilə bəzədilmiş Qarabağlar türbəsi maketi də olduqca diqqət çəkib. Tələbələr incəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun yağlı boya ilə hazırladığı rəsm əsərini tikmə üsulunda işləyərək “Meyvələr” adlı natürmort yaradıblar.
    Sərginin açılışında çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, tikmə sənəti əsrlərboyu qadınların sevimli məşğuliyyəti olub. Xalqımız ta qədimdən öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyaya gözəllik verməyə çalışıb. Naxçıvanda da tarixi qədimlərə gedib çıxan belə bir sənət növünün yaşadılmasında tələbələrimizin rolunun olması sevindirici haldır. Doğma təhsil ocağında təşkil edilən zərgərlik, keramika, rəsm əsərlərinin sərgiləri uğur qazanıb. Müxtəlif parçalar üzərindəki tikmə əl işlərinin sərgilənməsi tələbələrin öz ixtisaslarına və bu peşəyə olan marağının göstəricisidir. Təsviri incəsənət kafedrasının baş müəllimi Mahir Xəlilov dekorativ-tətbiqi sənətin yaranma tarixindən, kafedranın müdiri, baş müəllim Siddiqə Hacıyeva tələbələrin ikiaylıq sərgiyə hazırlıq prosesindən danışıblar. Çıxışlardan sonra sərgiyə baxış keçirilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 29.11.2022 19:55