AZ EN RU

Tələbələrin Təhsil Tələbə Krediti Fondundan istifadə imkanlarına dair görüş

    Naxçıvan Dövlət Universitetində təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək dövlətin təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Vurğulanıb ki, Təhsil Tələbə Kredit Fondu Prezident cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə təsis olunub və bu fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. O, çıxışında TTKF-nin tələbələr üçün yaratdığı imkanlar, ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini iştirakçıların diqqətinə çatdırıb.
    Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. 
    Vurğulanıb ki, təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib. Təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur, krediti almaq üçün tələbə girov, zamin, borcalan, ümumiyyətlə, heç bir öhdəlik­lər yüklənmir. 
    Görüşdə çıxış edən universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb, ötən müddət ərzində, ümumilikdə, 541 tələbə kreditlə bağlı müraciət edib ki, bunun 136 nəfəri sosial, 311 nəfəri isə standart olmaqla, 447 tələbənin krediti rəsmiləşdirilib.
    Diqqətə çatdırılıb ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi başlıca şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürdü­yü krediti geri qaytara bilmədikdə tələbəyə möhlət hüququ da verilir.
    Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 05.10.2023 21:25