AZ EN RU

Tələbələrin təcrübə prosesi davam etdirilir

    Tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulma predmetlərindən biri də istehsalat təcrübəsidir. Bu baxımdan “Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbələri Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçiriblər.
    Ümumilikdə, 24 tələbənin iştirak etdiyi təcrübə 17 noyabr – 30 dekabr tarixlərini əhatə edir. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdən, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir. 
    Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan və təsdiq olunan tədris proqramlarında xidmətin təcrübəli əməkdaşları tərəfindən tələbələr miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi mövzuları ilə bağlı yaxından tanış edilirlər. Əlavə olaraq, miqrasiya proseslərinin yaranmasına səbəb olan siyasi amillər və müasir miqrasiya proseslərinin predmetləri, sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyəti, miqrasiya sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar və innovativ yeniliklər, o cümlədən bu proseslərin həyata keçirilməsində informasiya təminatının rolu barədə təsəvvürün yaranması məqsədilə onların ayrı-ayrı sahələrlə tanışlığı da təmin olunur.
    Eyni zamanda vətəndaşlıq məsələlərinə baxılması, miqrasiya sahəsində uçot sisteminin tətbiqi və monitorinqin həyata keçirilməsi mövzularında da tələbələrə geniş məlumatlar verilir.
    Dərslər daha çox slayd və videoçarxlarla tədris olunur ki, bu da təcrübə müddətində dərslərin vizual olaraq effektiv və keyfiyyətli formada öyrənilməsi baxımından vacib əhəmiyyətə malikdir. 
    Təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr, xidmətin müxtəlif struktur bölmələrində mövcud iş prosesləri ilə də tanış edilir və müəyyən sahələrdə ilkin peşə vərdişlərinə sahib olurlar.
    Təcrübə müddətində tələbələrin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə də tanışlığı həyata keçirilib, xidmət əməkdaşları tərəfindən mərkəzin iş prinsipi barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş, maddi vəsaiti və yaşayış yeri olmayan miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin mərkəzdə müvəqqəti qalmaq üçün könüllü müraciəti təmin edilib.
    Sonda istehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran tələbələrə şəhadətnamələr təqdim ediləcək.

Naxçıvan Muxtar Respublikası Dövlət 
Miqrasiya Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 07.12.2022 18:41