AZ EN RU

Tələbələrin təcrübə keçmələri təmin edilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakultəsinin “Tarix”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” , “Kitabxanaçlıq və informasiya”, “Turizm və otelçilik” ixtisaslarında təhsi alan tələbələrin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə tabe müəssisələrdə istehsalat təcrübəsi keçmələri təmin olunur.

Belə ki, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə tələbələr təcrübəyə 2022-ci il 17 fevral tarixdən başlamışlar. Təcrübə müddətində tələbələrə muzeylərin ekspozisiya zallarında nümayiş etdirilən eksponatlar, ekspozisiyanın iş prinsipi, fond işinin təşkili, fonda daxil olan eksponatların qeydə alınması qaydaları, bələdçi peşəsinin sirləri, bələdçinin davranış qaydaları haqqında ətraflı məlumat verilmişdir. Təcrübə prosesində muzey əməkdaşları ilə tələbələr arasında fikir mübadiləsi aparılır, tələbələrin sualları cavablandırılır.

2022-ci il 18 mart tarixdən  təcrübəyə başlayan   “Tarix” ixtisasının tələbələri muzeylərin ekspozisiyası ilə tanış olmuşdur. Tələbələrə xalqımızın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirən eksponatlarla bağlı ətraflı məlumatlar verilmişdir.

2022-ci il 1 mart tarixdən  təcrübəyə başlayan “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbələri muzeylər, memarlıq abidələri ilə tanış edilir, onlar haqqında ətraflı məlumat verilir.

17 fevral 2022-ci il tarixdən Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan IV kurs tələbələri Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında istehsalat təcrübəsinə başlamışlar.  Təcrübə zamanı tələbələrin praktik biliklər əldə edilməsinə ciddi fikir verilmiş, müvafiq plana əsasən tələbələr şöbələrin iş prinsipi və kitabxananın strukturu ilə yaxından tanış olmuşlar. Tələbələr daxil olan çap məhsullarının qeydiyyata alınması, elmi və texniki qaydada işlənməsi, oxucuların qeydiyyata alınması, müxtəlif oxucu kateqoriyaları ilə işləmək, onlara fərdi şəkildə necə yanaşmaq, elmi metodik köməklik, biblioqrafik xidmət və s. haqqında məlumat əldə etmişlər. Tələbələr keçirilən tədbirlərdə yaxından iştirak etmiş, onların keçirilmə metodları ilə tanış olmuşlar.

Tələbələrin istehsalat təcrübəsi aprel ayının sonuna kimi davam edəcək.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.04.2022 15:36