AZ EN RU

Tələbələrə Ulu Öndərə həsr olunmuş açıq dərs keçirilib

Mayın 19-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə “Heydər Əliyev və Azərbaycan” mövzusunda keçirilən dərsi giriş sözü ilə Nazirliyin Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açıb.

Heydər Əliyev Muzeyində təşkil edilən dərsdə Ümummilli Liderin xalqımız qarşısında misilsiz xidmətlərindən danışan şöbə müdiri bildirib ki,əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq hər kəsin borcudur. “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bugünkü  açıq dərs də məhz bu tədbirlərin davamıdır.

          Dərs Heydər Əliyev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyevin mövzu ilə bağlı çıxışı ilə davam edib. Qeyd olunub ki, xalqın müdrik oğlunun həyatı və  zəngin siyasi fəaliyyəti Azərbaycanın milli dirçəlişinin və müstəqil dövlət quruculuğunun parlaq təcəssümüdür. Ötən əsrin 90-cı illərində dövlətimiz və xalqımız düşdüyü çətin vəziyyətdən məhz dahi rəhbərin misilsiz xidmətlərinin sayəsində aydınlığa çıxa bildi. Ulu Öndərin Naxçıvanda Ali Məclisin Sədri olarkən çıraq işığına qəbul etdiyi tarixi qərarlar Azərbaycanı işıqlı gələcəyə daşıdı. Bugünkü güclü və müzəffər ordu quruculuğunun bünövrəsi, iqtisadi, sosial, aqrar sahədə inkişafa hesablanmış bir sıra addımlar Naxçıvanda atılıb.

Sonradərsin iştirakçıları muzeyin ekpozisiyasına baxış keçiriblər, tələbələrə eksponatlar barədə məlumat verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə tələbələrinə 2022-2023-cü tədris ili ərzində ayda bir dəfə olmaqla müxtəlif mövzularda açıq dərslər keçirilir, tələbələrin muzeylərdə təcrübə keçməsi təmin edilir.

Naxçıvan Muxtar Republikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.05.2023 15:51