AZ EN RU

Tələbələr üçün “Peşəkar bələdçi” təlimi

    Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq istehsalat təcrübəsi müddətində Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə 6 və 7 aprel 2023-cü il tarixlərdə “Peşəkar bələdçi” təliminin I və II modulları keçirilmişdir. Təlimlər Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun müdiri, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi” şəhadətnaməli təlimçisi Süleyman Rüstəmov tərəfindən keçirilmişdir. Təlimin I modulunda məruzəçi bildirmişdir ki, keçirilən təlimlərin əsas məqsədi peşənin imicini artırmaq, bu sahə üçün yeni insan resurslarını müəyyənləşdirmək və tələbələrə bələdçilik fəaliyyətinin mahiyyətini aşılayaraq peşəsini sevdirməkdən ibarətdir.
    Təlimçi tələbələrə ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiyanın mahiyyəti, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə haqqında məlumat vermişdir. 
    Məruzəçi vurğulamışdır ki, məqsədimiz bu modulu tamamladıqdan sonra tələbələrin turizm-ekskursiya işinin təşkilində yüksək səviyyədə bilik və bacarıqlara yiyələnməsidir. Modulumuzun I təlim nəticəsini mənimsəyən tələbə bələdçilik sənətinin tarixini, mahiyyətini və bələdçilik peşəsi ilə bağlı huquqi-normativ sənədləri biləcək, bələdçilik peşəsinin bu gününü və keçmişini uzlaşdırmağı, ekskursiyanın mahiyyətini müəyyən etməyi, peşəkar bələdçi peşəsi ilə bağlı hüquqi-normativ sənədləri sadalamağı bacaracaqdır. 
    Sonra təlimçi tələbələrə bələdçi şəhadətnaməsi almaq üçün prosedur qaydalarını izah etmişdir.
    “Peşəkar bələdçi” təliminin II modulu zamanı isə təlimçi öncə ekskursiya bələdçisinin peşəkarlığının tərkib hissələri haqqında tələbələrə məlumat vermişdir. Bildirmişdir ki, peşəkarlıq hər hansı bir sahədə yüksək qabiliyyət, müstəsna bacarıq deməkdir. Ekskursiya bələdçisinin peşəkarlığının mühüm cəhəti onun qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət yaradıb onu uzun müddət saxlamaq bacarığıdır. Təlimçi slayd vasitəsilə tələbələrə ekskursiya zamanı bələdçilərin vəzifəsi, peşə etikası, şifahi nitqin əsas xüsusiyyətləri, nitqin dinləmə və görmə elementləri, ekskursiya zamanı daxili və xarici maneələr haqqında geniş məlumat vermişdir. 
    Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Turizm 
Departamentinin mətbuat xidməti

Nəşr edilib : 08.04.2023 00:21