AZ EN RU

Tələbələr “Şərq qapısı” qəzetində və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində olublar

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri muxtar respublikanın mərkəzi mətbuat orqanı “Şərq qapısı” qəzetinin redaksiyasında olublar.

Naxçıvan bürosu xəbər verir ki, “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan tələbələri salamlayıb, növbəti dəfə təşkil edilən hamilik tədbirini jurnalist kadr potensialının formalaşdırılması istiqamətində görülən işlərin əməli nəticəsi kimi dəyərləndirib. Bildirilib ki, 20 ildən çoxdur tədris olunan Jurnalistika ixtisası muxtar respublikada bu sahədə kadr hazırlığı istiqamətində mühüm əhəmiyyətə malikdir.

Baş redaktor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamlarından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, hazırda muxtar respublikanın digər KİV-ləri kimi “Şərq qapısı” qəzeti də Jurnalistika ixtisasının tələbələrinə hamilik edir. Mütəmadi olaraq tələbələrlə görüşlər, yaradıcılıq müzakirələri keçirilir, onların məqalələri “Estafet” rubrikası altında qəzetdə dərc olunur.

Növbəti görüşün də tələbələr üçün faydalı olacağına əminliyini ifadə edən Mehriban Sultan tələbələrə qəzetdə fəaliyyət göstərən redaksiyalar, qəzet tərtibatı və materialların yığılması, korrektura proseslərini əyani şəkildə izah edib.

Tələbələr “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində də olublar. Bildirilib ki, 2010-cu ildə istifadəyə verilən yeni binada müasir iş şəraiti və avadanlıqlarla təchiz edilən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində muxtar respublikada müxtəlif qəzetlərin çapını, həmçinin kitab, məktəbli ləvazimatı, broşür, buklet, miniatür kitab, təqvim, kargüzarlıq sənədləri və sair materialların hazırlanmasını həyata keçirir. 2021-ci ildə birliyin Sərgi-Satış Mərkəzi fəaliyyətə başlayıb ki, burada nəşriyyatın istehsalı olan çap məhsullarının satışı və sərgisini genişləndirmək məqsədi daşıyır.

Nəşriyyat və qəzet redaksiyasının maddi-texniki imkanları, yaradılan əlverişli şərait, müasir iş üsulu tələbələrdə böyük maraq doğurub.

Sevda Nəsir “Jurnalistika”

ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 26.11.2022 13:33