AZ EN RU

Tələbələr “Şərq qapısı” qəzetində təcrübə keçirlər

“Şərq qapısı” qəzetində təcrübə proqramı keçən Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbələri əvvəlcə redaksiyanın iş şəraiti ilə tanış olublar. Qəzetin baş redaktoru Sara Əzimova tələbələrə rəhbərlik etdiyi qəzetin yaranma tarixi, keçdiyi yol və hazırkı fəaliyyət istiqamətləri barədə danışıb.  
Baş redaktor qeyd edib ki, “Şərq qapısı” qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra “Şərq qapısı”nın həyatında yeni dövr başlanmışdır. Belə ki, 1990-1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görərək, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır. Sara Əzimova tələbələrin diqqətinə onu da çatdırıb ki, hər zaman dövlətçiliyin inkişafına xidmət edən “Şərq qapısı”  qəzeti həmişə olduğu kimi, bu gün də Heydər Əliyev ideyalarının ən böyük təbliğatçısıdır.
Baş redaktor tələbələrin qəzetdə təcrübə keçməsi üçün hər cür imkanların yaraldıldığını da vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 16.05.2024 15:11