AZ EN RU

Tələbələr prokurorluq orqanlarının iş prinsipi ilə tanış olublar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbələri prokurorluq orqanlarının iş prinsipi ilə tanış olublar.

Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

Bildirilib ki, sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda görüləcək işlərə dair təsdiq olunan tədbirlər planına əsasən Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakının və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsinin, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakının təmin olunması həyata keçirilir. Prokuror diqqətə çatdırıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və bu tədbirlər hazırda da davam etdirilir.

Sonra prokurorluq əməkdaşları tərəfindən tələbələrə startap, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət sahəsində prokurorluğun rolu, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılma qaydası haqqında məlumatlar verilib. Görüşdə həmçinin, hadisə yerinin müayinəsinin aparılması qaydası əyani şəkildə izah olunub, müxtəlif yerlərdən tozlandırma üsulu ilə əl-barmaq izlərinin gotürülməsi qaydası göstərilib. Bundan əlavə, tələbələrə prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi də izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 19.10.2022 19:07