AZ EN RU

Tələbələr nazirlikdə təcrübədə olublar

    Naxçıvan Dövlət Universitetinin tələbələri Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazir­liyində təcrübədə olublar.
    Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov təcrübəçi tələbələrlə görüşdə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası çərçivəsində tələbələrlə keçirilən görüş, onların bir mütəxəssis kimi hazırlanmasında atılan addımlardan biridir. Nazir artıq bu sahə üzrə uzun illərin təcrübəsini qazanan muxtar respublika kənd təsərrüfatının hazırda Naxçıvan üçün öncül sahələr sırasında olduğunu diqqətə çatdırıb.
    Universitetin rektoru Elbrus İsayev bildirib ki, nazirliyin təşəbbüsü ilə təşkil edilən görüşün məqsədi təcrübələrin və dərslərin səmərəli keçirilməsinə dəstək olmaqdır.  Diqqətə çatdırılıb ki, universitetin torpaqşünaslıq və aqronomiya sahəsində təcrübə bazaları, laboratoriyaları, ixtisaslaşmış, peşəkar mütəxəssisləri mövcuddur. Rektor tələbələrin bunlardan səmərəli istifadə etməklə təcrübələrinin yekununda nazirliyin əməkdaşları ilə birgə layihələr, startaplar hazırlamaları barədə təklif və tövsiyələrini çatdırıb. 
    Sonra tələbələr nazirliyin kitabxanası ilə tanış olublar.
    Tədbirdə nazirliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında aparılan analizlər haqqında da tələbələrə məlumat verilib.
    Toxum bankı, bitki dərmanları ilə tanışlıqdan sonra kənd təsərrüfatı texnikalarına baxış keçirilib.
    Sonda tələbələr əyani formada əkin sahələrinin gübrələnmə, dırmıqlanma və dərmanlanma prosesinin şahidi olublar.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə 
əlaqələr bölməsi

Nəşr edilib : 07.04.2022 19:49