AZ EN RU

Tələbələr İtaliyada təcrübədə olublar

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq Sərəncama əsasən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Energetika mühəndisliyi ixtisası Naxçıvan Dövlət Energetika Xidmətinin hamiliyinə verilib. Qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı hamiliyə verilən ixtisasın tələbələrinin təyin olunan proqram çərçivəsində enerji istehsalı prosesləri, yeni texnologiyaların tətbiqi, alternativ və bərpa olunan enerji sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi, praktik biliklərin artırılması üçün xarici dövlətlərin təcrübələrindən istifadə edilməsi həyata keçirilir. 

    Görülən işlərin davamı olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən 3 nəfər mühəndis və universitetin Energetika mühəndisliyi ixtisasında təhsil alan 6 tələbə və müəllim heyətinin İtaliya Respublikasına səfəri təşkil edilib. İtaliyadan təyin edilən heyətin başçılığı ilə əvvəlcədən planlaşdırılan proqrama uyğun olaraq səfərin ilk günü Florensiya şəhəri ilə tanışlıq olub. Şəhərin tarixi yerləri, meydanları, abidələri ilə birlikdə Florensiyanın məşhur incəsənət muzeyinə baxış olub. Burada tələbələr Donatello, Mikelancelo, Leonardo da Vinçi, Sandro Botçelli kimi dünyaca görkəmli rəssamların nadir sənət əsərləri ilə tanış olublar.
    Səfərin növbəti günü tələbələr Florensiya şəhərində yerləşən “Fimer” şirkətinin təlim mərkəzində olaraq yeni texnologiyalardan biri – invertorlar haqqında mühazirə dinləyiblər. Mühazirədə invertorların quruluşu, iş prinsipi, daxilində gedən enerji dəyişmələri, tətbiq sahələri və digər vacib məlumatlar diqqətə çatdırılıb. Qarşılıqlı sual-cavab əsasında təşkil edilən mühazirədə tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb. Sonra həmin şirkətin ərazisində yerləşən Günəş Elektrik Stansiyasına baxış zamanı tələbələr ərazidə quraşdırılan invertorlarla, günəş panelləri və yarımstansiyalarla tanış olublar.
    Səfərin üçüncü günündə Roma şəhərindən dəvət edilmiş professor tərəfindən Günəş və külək enerji qurğularının iş prinsipi, quruluşu, quraşdırılması, onlar arasındakı məsafələr, panellərin Günəşə nəzərən istiqamətləri, külək enerji qurğularının küləyin istiqamətindən və sürətindən asılı olaraq yerləşdirilməsi və digər məlumatlar təlim mərkəzində olan heyətə çatdırılıb. Tələbələr həmin şirkətə məxsus olan invertor istehsal edən müəssisədə təcrübədə olan zaman invertorların necə istehsal edildiyinin, onların hissələrinin necə quraşdırılaraq sonda hazır hala gəlməsinin əyani şahidi olublar.
   Tələbələr üçün mühüm təcrübəvi əhəmiyyət kəsb edən səfərin son iki günündə Romada olan heyət burada İtaliyanın tarixini əks etdirən şəhərin tarixi abidələri, mərkəzi meydanları, incəsənət muzeyləri ilə tanış olublar. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 08.06.2022 20:18