AZ EN RU

Tələbələr hami təşkilatlarda olublar

    Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar.
    Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar müvafiq sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin zəruriliyindən danışıb. O, prokurorluq orqanlarında çalışmaq istəyən əməkdaşların peşəkar mütəxəssis, öz işinin öhdəsindən vicdanla gələ bilən yüksəkixtisaslı kadrlar kimi yetişdirilməsinin vacibliyini vurğulayıb, imzalanan sərəncamların yüksəkixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli addımlardan biri olduğunu qeyd edib.
    Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Tofiq Hüseynov Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını daha dərindən öyrənmələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
    Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Pərviz Zülfüqarov “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel  tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar qarşıda duran vəzifələr”, prokurorluqda İstintaqa nəzarət şöbəsinin böyük prokuroru Elvin Zeynalov “İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət sahəsində prokurorluğun rolu”, İstintaq şöbəsinin prokuroru Əşrəf Quliyev “İzahat və ifadənin alınması qaydası haqqında məlumat və onun rəsmiləşdirilməsi”, Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Taryel İsmayılov “Məhkəmə prosesində dövlət ittihamçısının rolu” mövzularında çıxış ediblər.
    Tələbələr iş prosesləri ilə də tanış olublar. Prokurorluğun kriminalistik avtomaşınının və kriminalistik vasitələrin iş prinsipi, ifadənin yerində yoxlanılması qaydaları tələbələrə izah edilib.  Həmçinin müxtəlif əşyalardan əl-barmaq izlərinin götürülməsinin əyani təsviri, şübhəli şəxs qismində tutma, təqsirləndirilən şəxs qismində cəlbetmə və ittihamın elan edilməsi qaydaları slaydlar vasitəsilə tələbələrə çatdırılıb.
    Tanışlıq zamanı prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları barədə də məlumat verilib. Tələbələr ayrı-ayrı şöbələrin iş fəaliyyəti və kitabxana fondu ilə tanış olublar.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində istehsalat təcrübəsinə cəlb olunan “Naxçıvan” Universitetinin Maliyyə ixtisasında təhsil alan tələbələrin  bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir.

    Təcrübəçi tələbələrlə növbəti görüşdə xidmətin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli  Sərəncamı kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, muxtar respublikamızda son illər təhsil sistemində yeni inkişaf xəttinin müəyyənləşdirilməsi, bu sahədə həyata keçirilən islahatların daha da dərinləşdirilməsi göstərir ki, təhsil sektoruna önəm dövlət siyasətinin əsas prioritetlərindəndir. 
     “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu diqqətə çatdırıb ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tələbələrin ixtisaslı kadr kimi formalaşması üçün müntəzəm olaraq  universitetdə görüşlər keçirir, vergi qanunvericiliyinin sirlərini tələbələrə aşılayırlar. Xidmətdə istehsalat təcrübəsinə cəlb olunan tələbələr isə iş proseslərini yaxından izləməklə biliklərini daha da dərinləşdirirlər.
    Sonra tələbələr xidmətin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış olublar. Vergiödəyicilərinə xidmət şöbəsində hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması qaydaları, informasiya texnologiyaları və proqram təminatı bölməsində elektron hökumətin üstünlükləri və tətbiq edilən elektron xidmətlər barədə geniş məlumatlar verilərək vergiödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, vergiödəyiciləri ilə münasibətlərin fiziki cəhətdən məhdudlaşdırılması, eyni zamanda həm vergiödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasından danışılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 12.04.2022 19:29