AZ EN RU

Tələbələr dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunur

    Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi Partiya Təşkilatının ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatı ilə birgə reallaşdırdığı “Gəncliyin missiyası: dövlətçiliyə sədaqət” layihəsi fərqli formatda keçirilməsi ilə yadda qalıb. 
    İqtisadiyyat və idarəetmə fakültəsinin önündə, açıq havada təşkil olunan tədbirdə YAP Universitet Ərazi PartiyaTəşkilatının sədri Arzu Abdullayev çıxış edərək bildirib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər yeni nəsil yetişib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan xalqı və Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda müqəddəs savaşa qalxaraq 44 gün ərzində düşmənin dərsini layiqincə verdi, ona dəmir yumruğunu göstərdi. Bu, Azərbaycanın işğal olunmuş tarixi torpaqlarının son iki yüz il ərzində ilk dəfə güc yolu ilə azad edilməsinin bariz nümunəsidir. 
    Layihənin ilk qonağı qismində çıxış edən universitetin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, ulu öndərin milli ideologiyasının əsasında dayanan dövlət gənclər siyasəti əsrlərboyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarətdir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ümummilli liderin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Vurğulanıb ki, gənclik ulu öndər tərəfindən əsası qoyulan gənclər siyasətini uğurla həyata keçirən ölkə Prezidenti ətrafında sıx birləşib, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, xalqımıza, milli dövlətçiliyimizə zərər verməyə çalışan xarici qüvvələrə və onların daxildəki havadarlarına layiqli cavab verməyi bacarmalıdır. Çünki müstəqil Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir.  

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 22.04.2022 19:41