AZ EN RU

Tələbələr bədii yaradıcılıq müsabiqə-festivalında qalib gəliblər

    Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında qalib gələn Naxçıvan Dövlət Universiteti tələbələri mükafatlandırılıb.
    Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının, tələbə klublarının, komandalarının birgə fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, gəncliyin gücü ondan səmərəli şəkildə istifadə olunduqda bəhrəsini verə bilər. Rektor universitetin bütün sahələrində aktiv fəaliyyət göstərən tələbələrin fəaliyyətini təqdir edib, könüllülük fəaliyyəti nəticəsində onların bacarıqlarının ortaya çıxdığı məqamlar diqqətə çatdırılıb. Elbrus İsayev müsabiqədə fəallıq göstərən tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Milli rəqs nominasiyası üzrə qalib komandaya Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı, hədiyyə və universitetin təşəkkürnaməsi təqdim edilib. Solo rəqs, milli və dünya xalqlarının çalğı alətləri və vokal nominasiyası üzrə II yeri qazanan tələbələr də fəxri fərman və təşəkkürnamə ilə təltif olunublar. Milli rəqs üzrə tələbələrin hazırlanmasında əməyi olan universitetin Tələbə Teatr Studiyasının rəhbəri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovaya və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Meliorasiya və Geodeziya mühəndisliyi kafedrasının müəllimi Hüseyn İmanova da universitetin təşəkkürnaməsi təqdim olunub. Sonda tədbirin qalibi olmuş Şərur yallısı nümayiş olunub. 
    Qeyd edək ki, müsabiqə-festivalda respublikada fəaliyyət göstərən musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə, ümumilikdə, ölkə üzrə 28 ali təhsil müəssisəsi qatılıb. Festivalda özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqas, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və sair), rəqs kollektivləri (milli, müasir, bal və sair), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və sair) iştirak ediblər. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 06.07.2022 19:46