AZ EN RU

Tələbə və magistrantlarla görüşlər keçirilib

    Naxçıvan Dövlət Universitetində yüksək ballı tələbələrlə görüş keçirilib. Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra universitetin tanıtım videosuna baxış olub.
    Universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, artıq yüksək ballı tələbələrlə bu cür görüşlərin keçirilməsi ənənə halını alıb. Diqqətə çatdırılıb ki,  bu ali məktəbə qəbul ötən illə müqayisədə bu il daha yüksək nəticələrlə yadda qalıb. Belə ki, keçən il universitetə 600-700 bal intervalında 14 tələbə qəbul olmuşdursa, həmin rəqəm bu il 25-ə çatıb. 
    Ali təhsil ocağının imkanlarından söz açan rektor universitetin bir neçə sahədə ölkə miqyasında model universitet olduğunu vurğulayıb. Bildirilib ki, tədris imkanlarını artırmaq məqsədilə universitet ərazisində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Rektor universitet kampusunda istifadəyə veriləcək Texnopark haqqında məlumat verərkən diqqətə çatdırıb ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. Qeyd edilib ki, yeni qurulacaq olan Texnoparkda tələbələr öz startap layihələrini hazırlayıb həyata keçirmək imkanı əldə edəcəklər.
    Rektor universitetin xarici universitetlərlə beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunub. Vurğulanıb ki, qardaş ölkə olan Türkiyənin 80-dən artıq universiteti ilə sıx əməkdaşlıq münasibətləri qurulub ki, bunlardan 20-dən artıq universitetlə məhz tibb sahəsində əməkdaşlıq edilir. Çıxışda Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin imkanlarından da bəhs olunub. Diqqətə çatdırılıb ki, ötən tədris ili müddətində 150-dən artıq müəllim və tələbə IELTS sertifikatı ilə təmin olunub. Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının “Times Higher Education” versiyası üzrə aparılan reytinq sıralamasına görə dünyanın ən nüfuzlu 1000 universiteti sırasında olduğunu da diqqətə çatdırıb.
    Tibb ixtisası üzrə I kurs tələbəsi, muxtar respublikada IV qrup üzrə ən yüksək nəticə əldə edən Fuad Məmiyev Naxçıvan Dövlət Universitetini seçməsini hər iki bacısının burada  yüksək şəraitlə təmin olunaraq təhsil alması, ali təhsil ocağının müasir tədris üsullarına malik olması ilə əlaqələndirib. Fuad Məmiyev ali məktəbə qəbul olan bütün tələbələri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. 
    Sonra qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olan Şəlalə və Lalə  Quliyevaların valideyni Samiq Quliyev tələbələrə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib. 
    Daha sonra 600 baldan yüksək nəticə göstərərək universitetə qəbul olan tələbələrə hədiyyələr təqdim edilib.

***

    “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva universitetin birinci kurs magistrantları ilə görüşüb.    
    Rektor  magistrantları ilk dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bildirilib ki, bu gün universitetdə təhsil alan magistrantlar sabah öz müəllimləri ilə  çiyin-çiyinə müəllim işləməyə namizəd olan kadrlardır. Ona görə də onlar mükəmməl bilik almağa çalışmalı, elmi-tədqiqat işlərində fəallıq göstərməlidirlər. Rektor diqqətə çatdırıb ki, magistrantlar burada iki il ərzində professor və müəllimlərdən təkcə bilik deyil, həm də elmin zirvəsinə aparan elmi-tədqiqat işlərinin yazılma qaydalarını da öyrənməlidirlər. Çünki bu istiqamət həm də doktorantura pilləsinə qədəm qoymaq üçün yol açır. 

    Görüşdə magistr tələbələrinin gələcək planları, elmi fəaliyyətləri, qarşılarında duran hədəfləri və digər bu kimi məsələlər də müzakirə olunub.
    Sonda Nurlana Əliyeva “Naxçıvan” Universitetinin məzunlarının potensialı yüksək olan gənclər olduğunu bildirib və talelərini ali təhsil ocağı ilə bağlayan bu gənclərin seçimlərində yanılmayacaqlarına əminliyini ifadə edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.09.2022 20:01