AZ EN RU

Tələbə Teatr Studiyasının uğurları hamımızı sevindirir

Son illərdə muxtar respublikada teatr və incəsənət sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə xüsusi diqqət yetirilir. Bunun ifadəsi kimi, ilk olaraq 2011-ci ildən Naxçıvan Dövlət Universitetində Teatr və mədəniyyətşünaslıq kafedrası və Aktyor sənəti ixtisasının fəaliyyətə başlamasını qeyd etmək yerinə düşər. Bu ixtisas aktyor kadrlara olan tələbatın ödənilməsi, bu sahə üzrə yaranan problemlərin həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Ali təhsil ocağında Tələbə Teatr Studiyasının fəaliyyət göstərməsi isə nəzəriyyə ilə təcrübənin vəhdətinə imkan verib.

Tələbə Teatr Studiyasının qazandığı uğurlarda böyük əməyi keçən universitetin adıçəkilən kafedrasının müdiri, dosent, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova ilə həmsöhbət olduq, keçilən yola nəzər saldıq, bu sahədə görülən işlərdən və əldə edilən nailiyyətlərdən danışdıq. Gülxarə müəllim deyir ki, 20 ildən artıqdır, fəaliyyət göstərən Tələbə Teatr Studiyası artıq universitetin mədəni həyatının tərkib hissəsi kimi muxtar respublikanın mənəvi-estetik ehtiyaclarının ödənilməsi işinə xidmət edən mədəniyyət ocağına çevrilib. Aktyorluq ixtisası ilə yanaşı, müxtəlif ixtisaslarda təhsil alan tələbələri də öz ətrafına toplayan bu studiya hazırladığı tamaşalarla nəinki universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanıb, həmçinin muxtar respublikanın mədəni həyatında, respublikamızdan kənarda da uğurlar əldə edib: – Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası 1998-ci ildən ictimai əsaslarla mənim rəhbərliyim altında fəaliyyət göstərir. 2011-ci ildən Teatr və mədəniyyətşünaslıq kafedrası yaranıb. Kafedranın yaranması da tələbə studiyasının fəaliyyətinə öz müsbət təsirini göstərib. Bu illər ərzində müxtəlif səpkili tamaşalar və tədbirlər hazırlamışıq, qurulan kompozisiyaların hər biri böyük rəğbətlə qarşılanıb. Səhnələşdirdiyimiz tamaşaların ssenarisini də özümüz hazırlamışıq. Burada müxtəlif yazarların dram əsərlərindəki hissələrdən həmin kompozisiyaların qurulmasında istifadə etmişik. Universitetin incəsənət həyatında rəngarəng, müxtəlif repertuarlarla çıxışlarımız olub. Birinci tamaşamız çox uğurlu alınıb. Belə ki, Xalq yazıçısı Kamal Abdullanın 1999-cu ildə “Beyrəyin taleyi” adlı dram əsəri əsasında hazırladığımız tamaşa çox sevildi. Studiya yeni yaranmışdı və müxtəlifixtisaslı tələbələr həmin tamaşada iştirak edirdilər. Sevindirici hal idi ki, yazıçı Kamal Abdullanın özü də o tamaşanın təqdimatına gəlmişdi. Qeyd edim ki, bu tamaşa ilə biz sonra qardaş Türkiyə Respublikasının Bayburd şəhərində “Dədə Qorqud festivalı”nda böyük uğurla çıxış etdik. Eyni zamanda muxtar respublikanın rayonlarında bu əsəri teatrsevərlərə təqdim etmişik.

2000-ci ildə “Atatürk” adlı əsəri tamaşaya hazırlamışdıq. Həmin vaxt Atatürk Araşdırma Mərkəzinin əməkdaşları universiteti ziyarətə gəlmişdi. Hətta tamaşanın geyim dəstləri də onlar tərəfindən hazırlanmışdı. Türkiyənin 7-8 universitetində və hərbi hissələrindəki çıxışlarımız da alqışlarla qarşılandı. Bu tamaşanı gün ərzində 3 dəfə nümayiş etdirməli olurduq. Görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin əsərlərinə dəfələrlə müraciət etmişik. Belə ki, 2001-ci ildə “Anamın kitabı”, 2004-cü ildə “Ölülər” əsərlərini uğurla səhnələşdirdik, 2006-cı ildə isə “Danabaş kəndinin əhvalatları” ilə tamaşaçı qarşısına çıxdıq. Və bildirim ki, həmin bu tamaşalarla bizim tələbə aktyorlarımızın istedad və bacarıqları bir daha üzə çıxdı. Çox maraqlı repertuarlarımızdan biri də 2012-ci ildə Nazim Hikmətin “Qəribə adam” tamaşası idi. 2014-cü ildə Adil Qasımovun “Sarı gəlin”, 2015-ci ildə naxçıvanlı dramaturqumuz Həmid Arzulunun “Qaçaq Quşdan” romanı əsasında “Milaxda həyəcan” bölümündən bir tamaşa hazırlamışdıq və bir neçə hərbi hissənin əsgər-zabit heyəti qarşısında nümayiş etdirmişik. 2017-ci ildə dünya ədəbiyyatından “Emiliya Qalotti” və bir çox tamaşalar səhnələşdirmişik. Kafedramızın müəllimləri Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, Əməkdar artist Tofiq Seyidov və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli Tələbə Teatr Studiyası üçün tamaşalar hazırlayırlar.

“Tamaşaçı sarıdan heç vaxt əziyyət çəkməmişik. Həmişə tamaşaçı alqışı qazanmışıq. Son üç ildə Naxçıvan Muxtar Respublikasında universitetlər arasında keçirilən teatr müsabiqələrində qalib olmuşuq. Muxtar respublikada təşkil edilən mədəni-kütləvi tədbirlərdə bizim kollektiv fəal iştirak edir. Tələbə Teatr Studiyasının yallı-rəqs qrupu da ifaları ilə həmişə fərqlənib. Naxçıvana məxsus olan yallıların bir çoxunu, demək olar ki, “Şərur” Xalq Yallı Ansamblının tövsiyəsi, onların məsləhəti ilə hazırlamışıq. Yallılarımızın yaşamasında, təbliğ olunmasında universitet tələbələrinin böyük rolu olub. Həmçinin Tələbə Teatr Studiyası bu yaxınlarda “Qərbi Azərbaycana qayıdış” festival-konqresin açılış mərasimində tamaşa-kompozisiyalar təqdim edib, maraqlı yallı və rəqs nömrələri ilə festivala öz töhfələrini verib. Eyni zamanda muxtar respublikada doğum günü olan şəhidlərin anım tədbirlərində müxtəlif kompozisiyaların nümayişi ilə iştirak edirik”, – deyir Gülxarə Əhmədova.

Müsahibimiz vurğulayır ki, gələcək iş planları çox genişdir. Universitetdə keçirilən kütləvi tədbirlərdə iştirakımız daimidir. Hazırda Tofiq Seyidovun rejissoru olduğu “Möminə xatın” tamaşası üzərində işləyirik. “Qeyd edim ki, əldə etdiyimiz uğurların əsasında universitet rəhbərliyinin bizə yaratdığı şərait mühüm rol oynayır. Universitetin rektoru Elbrus İsayevə qəzetiniz vasitəsilə minnətdarlığımızı bildiririk. Çalışacağıq ki, bundan sonra da öz işimizlə muxtar respublikanın təhsil və mədəniyyət sahəsinə töhfələrimizi verək”, – deyə Gülxarə Əhmədova bildirdi.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 17.07.2024 14:27