AZ EN RU

Tələbə-mühəndislər istehsalat təcrübəsi keçir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası məqsədilə muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrinin aid ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. 
    Ötən müddət ərzində nazirlik tərəfindən tələbələrin müasir tədris vasitələrindən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün bir sıra tədbirlər həyata keçirilib. Hazırda Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin aid ixtisaslarında təhsil alan  tələbələr Rabitə və Yeni Texnologiyalar Nazirliyində istehsalat təcrübəsi keçirlər.
    Tədris müddəti ərzində  tələbələrin təcrübə keçmələri üçün zəruri şərait yaradılıb, onlar nazirliyin və tabeli qurumlarının fəaliyyəti ilə tanış edilib, maarifləndirici görüş və seminarlar keçirilib. 
    Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Tədris bölməsində istehsalat təcrübəsi keçən tələbələrə slaydlar vasitəsilə veb-saytların müasir üslubda tərtib edilməsi, şəbəkələr və sistem inzibatçılığı, həmçinin frontend və backend devoloperlər üçün nəzərdə tutulmuş proqramlaşdırma dilləri və həmin proqramlaşdırma dillərinin müxtəlif kitabxanaları barədə ətraflı məlumat verilib. Tələbələrə kompüterin texniki hissələri və digər avadanlıqlarının xüsusiyyətləri ətraflı izah olunub. Bunlarla yanaşı, analoq və rəqəmsal elektronika, süni intellekt, nanotexnologiya, robotexnika, mexatronika və 5G texnologiyaları haqqında məlumatlar verilib. Kompüterlər arası ünsiyyətdə və kompüterlərin yerli şəbəkələrə bağlanmasında istifadə edilən cat 6, cat 7 ethernet əlaqə kabellərinin RJ-45 başlıq hissəsinin birləşdirilməsi, həmçinin yeni nəsil avtomat telefon stansiyaları və onların iş prinsipləri ilə əyani tanışlıq olub. “Argus 156 tester” markalı avadanlığın texniki göstəriciləri barədə də tələbələr məlumatlandırılıb.
    Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsdə təcrübədə olan tələbələrə yeni mobil şəbəkə standartları, rəqəmli televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları, “Naxçıvanpoçt” publik hüquqi şəxsində isə tələbələrə məktubların, banderolların, teleqraf göndərişlərinin, pul baratlarının, eləcə də bağlamaların qəbulu, göndərilməsi və poçt sahəsində göstərilən digər xidmətlər barədə məlumatlar verilib.
    Qeyd edək ki, tələbələrin belə təcrübələrdə iştirak etmələri onların gələcəkdə çalışacaqları informasiya-kommunikasiya texnologiyaları sahəsində peşəkar kadr kimi formalaşmalarına və bu sahənin sirlərini daha dərindən yiyələnmələrinə şərait yaradır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.03.2022 20:28